İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 10 sentyabr — Sputnik. “TurAz Qartalı-2019” birgə taktiki uçuş planlarına uyğun olaraq bu gün növbəti taktiki tapşırıqlar yerinə yetirilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə, Quru Qoşunlarına və Hərbi Dəniz Birliklərinə məxsus 30 hərbi texnika və 300-ə qədər hərbçi iştirak edir.
Sentyabr ayının 2-dən etibarən başlayan təlimlər bu gün də davam etdirilib. İlkin hazırlıq sonrası "F-16" təyyarələri Yevlax hava limanından qalxaraq bəlli bir nöqtədə digər hava limanlarından uçuş edən "MiQ-29" və "Su-35" təyyarələri ilə görüşərək konkret hərbi taktiki tapşırıqları yerinə yetirib. Təlim günü uğurla yekunlaşıb. Təlim gününə yekun vuran Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin baş şturmanı, polkovnik Faiq Əliyev gözləntilərin özünü doğrultduğunu bildirib.
Qeyd edək ki, “TurAz Qartalı-2019” taktiki uçuş təlimlərində ilk dəfə olaraq Türkiyənin istehsalı olan “Atak” helikopterləri iştirak edib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə həyata keçirilən təlimlərə Pakistan Hərbi Qüvvələrinin təmsilçiləri müşahidəçi qismində qatılıb.
“TurAz Qartalı” birgə hərbi təlimləri növbəti il Türkiyə Respublikasında keçiriləcək.