Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 9 sentyabr — Sputnik. "Sentyabrın 1-dən Azərbaycanda minimum əmək haqqı 250 manata qaldırılıb və özəl sektor da bütün əmək haqlarını buna uyğunlaşdırmalı olacaq. Artıq şirkətlər, özəl sektor tam ştata işə götürdükləri zaman 250 manatdan aşağı maaş yaza bilməyəcək".
Bunu İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bir sıra şirkətlərin minimum əmək haqqı davranışlarından danışarkən Sputnik Azərbaycan-a deyib.
O bildirib ki, əslində müəssisə daxilində işçilərin ştat və əmək haqqı cədvəli tutulmalıdır: "Burada subordinasiya nəzərə alınmalıdır, yəni 250 manat daha çox xadimə, bağban və bu kimi işçilər üçün nəzərdə tutulub. Vəzifələr yuxarı qalxdıqca maaşlar fərqli olmalıdır. Amma əksər vaxt görürsən ki, hamıya eyni, standart maaş yazırlar və bu, əslində şübhə yaradır. Şübhə formalaşdığı zaman həmin müəssisə riskli qrupa düşür. Riskli qrupa düşdüyü üçün də Vergilər Nazirliyi həmin müəssisələrə səyyar və yaxud operativ yoxlamalar tətbiq edə bilər. Ona görə də hamıya eyni maaş yazmaq riskli əməliyyatdır. Direktor ilə xadiməyə 250 manat maaş yazmaq düzgün deyil".
Ekspert müəssisələrin özlərini bilməyərəkdən cəncələ saldığını qeyd edib: "Vergi orqanı görür ki, hamıya eyni əmək haqqı yazılıb və deməli, digər maaşlar gizlədilir. Maaşların gizlədilməsinə görə cərimələr və sanksiyalar tətbiq olunacaq. Beləcə, sahibkarlar bu cür hərəkətlərə yol verməyəcəklər".
O bildirib ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz: "İxtisaslı kadrlar minimum əmək haqqından yüksək olan maaş almalıdırlar. Müəssisə daxilində işçilərin ştat və əmək haqqı cədvəli əvvəlcədən təsdiq olunmalıdır, amma çox vaxt belə etmirlər. Məsələn, müəssisədə xadiməyə 250 manat maaş yazılıbsa, katibəyə 300 manat, ofis menecerinə 450 manat, mühasibə 450 manat, direktora min manat maaş yazılmalıdır. Yəni aralarında bir fərq olmalıdır. Bu da müəssisənin imkanına, gəlirinə baxır. Gəliri az olan müəssisə də var. Məsələn, həmin müəssisənin 3 nəfər 250 manat maaş alan işçisi varsa, məcbur olacaq ki, birini ixtisar etsin. Çünki əməkhaqqı fondunu şişirtmək olmur, gəlirlər satışdan formalaşır. Burada ixtisarın olması ehtimalı böyükdür".
İşaxtaranlara şad xəbər - Hökumət köhnə qərarını ləğv etdi>>
Qeyd edək ki, Vergilər Nazirliyi əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq edib. Bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.
Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq edilmiş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir.
Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi" altsistemindən və digər mənbələrdəki məlumatlardan da istifadə edilməsi nəzərdə tutulub. Yerli vergi orqanları risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək.