BAKI, 9 sentyabr — Sputnik. Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə əməkdaşlığa açıqdır.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Xatırladıram ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan ziyalılarının 1992-ci ildə mətbuat vasitəsilə ona ünvanladığı müraciətinə verdiyi cavab yeni siyasi hərəkatın və bu hərəkatın avanqard qüvvəsi olan YAP-ın manifesti olaraq qəbul edilmiş və həmin manifestdə ifadə olunmuş prinsip və meyarlar bu gün də siyasi fəaliyyətimizin əsas kredosunu təşkil etməkdədir. Heydər Əliyevin ziyalılara 1992-ci ildə ünvanlandığı həmin müraciət, əslində, sadəcə yeni bir siyasi partiyanın deyil, quruculuğuna başladığımız müstəqil dövlətin gələcək siyasi-ideoloji proqramı idi.
Müraciətdə ümummilli lider Azərbaycanın bütün sağlam qüvvələrini vahid dövlətçilik və azərbaycançılıq ideyaları ətrafında birləşərək gənc, müstəqil və yeni Azərbaycan dövlətinin quruculuğuna öz töhfəsini verməyə səsləyirdi.
Hakimiyyətdə olduğu bütün müddət ərzində ümummilli lider həmişə birlik və həmrəylik ideyasına sadiq qalmış, ölkədə vətəndaş sülhü, milli birlik naminə, Azərbaycan dövlətçiliyinə xidmət etmək istəyən, hər hansı idarəçilik və intellektual keyfiyyətləri olan insanların YAP-da və YAP-ın qurduğu iqtidar komandasında təmsil olunmasına şərait yaratmışdır.
Belə dövlətçi-azərbaycançı yanaşma, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir. İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoymuşdur.
Bir daha qeyd edirəm ki, bu prinsiplər dəyişməzdir, Azərbaycan iqtidarı dövlətə və dövlətçiliyə xidmət etmək istəyən hər bir qrup və ya şəxslə dialoqa və əməkdaşlığa açıqdır, öz siyasi rəqiblərini düşmən hesab etmir və onlarla ümummilli məsələlərlə bağlı müzakirə və əməkdaşlığı məqbul sayır. Eldar İbrahimovun adından yayılmış məlum fikirlər isə YAP-ın və İlham Əliyev iqtidarının mövqeyini əks etdirmir”.