BAKI, 7 sentyabr — Sputnik. Bu gün Yer kürəsi yaxınlığından yeni kəşf edilmiş asteroid keçəcək. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, 2019 RC1 adlı asteroid bu gün 14:48-də Yerdən 182 509 km və ya 113 406 mil məsafədən keçəcək.
Bu, 1 il ərzində Yer kürəsi yaxınlığından uçan 40-cı asteroiddir.
Qeyd edək ki, 2019 RC1, Apollo asteroidlər qrupuna aiddir. Asteroid sentyabrın 5-də Arizona ştatında müşahidə edilib. Obyektin diametri 4.5 ilə 10 m-dir.(14.7 - 32.8 fut).
Asteroid Yerin üzərindən 20,34 km sürətlə keçəcək.
Sentyabrın 14-də isə daha iki böyük asteroid Yerə yaxınlaşacaq. "2000QW7" adlı asteroidlərdən birinin diametri 290-650 metr təşkil edir. NASA-dan bildirilib ki, asteroid planetə 5,3 milyon kilometr məsafədə yaxınlaşacaq.
Həmin gün diametri 120-260 metr olan "2010CO1" asteroidi də təqribən eyni məsafədə Yerin yaxınlığından uçacaq.
Bir müddət öncə bildirilib ki, digər bir asteroid - "2019 OU1" bir milyon kilometr məsafədə Yerə yaxınlaşacaq.