Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 6 sentyabr — Sputnik. Zaqatalanın Yolayrıc kəndinin sakini İzəddin Abdullayev uzun illərdən sonra öz istəyini reallaşdırmaq məqsədilə bu gün doğulduğu kənddən Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə çıxıb. İzəddin bu yolu 16-17 günə velosipedlə qət edərək ölkə prezidenti Rəcəb Tayyib Ədoğanla görüşmək arzusundadır.
İzəddin Abdullayevin anası Humay Abdullayeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə deyib ki, oğlu illərdir ki, bu arzuyla yaşayır: "Neçə ildir ki, getmək istəyirdi, mən mane olurdum. Artıq mən də məcbur olub ona xeyir-dua verdim. Allahdan arzulayıram ki, oğlum sağ-salamat gedib, mənzil başına çatsın. İnşallah, onun Ərdoğanla görüşü baş tutar".
Söhbət əsnasında o da bəlli oldu ki, İzəddin Ərdoğanın televiziya ilə bütün çıxışlarını dinləyir, hətta əsas fikirlərindən bəzilərini əzbərdən bilir. Ona görə də ailədə, eləcə də qohum-əqrəbada onu hər kəs "Ərdoğan sevdalısı" kimi tanıyır.
Yolun uzunluğu İzəddin Abdullayevi niyyətindən daşındırmır. O, bu görüşü Türkiyə-Azərbaycan dostluğunun bariz nümunəsi hesab edir: "1600 km yol gedəcəyəm. Haradasa o yolu 16-17 günə qət eləməyi düşünürəm. İnşallah, arzuma yetərəm, Tayyib Ərdoğanla görüşərəm. Mənim oraya getməyim sadə bir azərbaycanlının səfəri deyil. Mənim kimi yüzlərlə, minlərlə gənc azərbaycanlı var ki, Tayyib Ərdoğanı sevir, onunla görüşmək istəyir. Mən həmin gənclərin adından gedirəm".