BAKI, 6 sentyabr — Sputnik. Yaxın vaxtlarda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçiriləcək. Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən xəbər verir ki, bunu Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında bildirib.
"Görüş planlaşdırılır. Görüş yaxın günlərdə baş tutacaq. Lakin görüşün tarixinin eyni vaxtda açıqlanmasına dair razılaşma var. Mən bu razılaşmaya riayət etmək niyyətindəyəm", - deyə o, vurğulayıb.
O, qeyd edib ki, görüşlər zamanı münaqişənin həllinə dair təmas nöqtələrinin tapılması üzrə maksimum səylər göstərilir.
Nazir vurğulayıb ki, münaqişə uzun tarixə malikdir və bu kontekstdə ATƏT-in Minsk qrupunun formatı dialoqun keçirilməsi üçün maksimal imkanlar yaradır.