BAKI, 6 sentyabr — Sputnik. ABŞ-ın Luiziana ştatında yaşayan cütlük auksiondan başında ayağı olan buzovu alıb və onun yenidən anasına qovuşmasına kömək edib.
Sputnik Azərbaycan "Fox News" telekanalına istinadən xəbər verir ki, ştatın Met Aleksandr adlı sakini mal-qara auksionunda qəribə görünüşlü buzovu görüb və onun şəkillərini nişanlısı Megin Devisə göndərib. Cütlük buzovu alıb və onu Elsi adlandırıb.
"Heç kəs inanmırdı ki, buzov sağ qalacaq. Buzovun auksiondan bir neçə gün əvvəl dünyaya gəlməsinə baxmayaraq onun anası satışda deyildi. Heyvan o qədər köməksiz idi ki, biz onun ölməsinə imkan verə bilməzdik", - Megin deyib.
Qeyd edilir ki, Elsi polimeliya adlı qüsurdan, yəni əlavə ətrafların böyüməsi anomaliyasından əziyyət çəkir. Bu, çox nadir bir anomaliyadır: mal-qara arasında adətən hər 100 min buzovdan birində bu qüsur müşahidə olunur.
Met və Megin Elsinin anasını tapa biliblər. Hazırda buzov və anası cütlüyün fermasında yaşayırlar. Heyvanın başında böyümüş əlavə ayağı kəsilib çıxarıla bilər, lakin infeksiya düşmə riski səbəbindən cütlük hələ ki, onun üzərində əməliyyat aparmaq niyyətində deyil. Cütlük hesab edir ki, heyvanın başındakı ayaq ona heç cür mane olmur: üçhəftəlik buzov özünü yaxşı hiss edir.
Megin buzovun hər şeylə maraqlandığını, aktiv və çox sevimli olduğunu deyib.