Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yuğ Teatrına yubiley öncəsi şad xəbər - yeni bina veriləcək

© Photo : REPORTYUĞ Dövlət Teatrının binası. Arxiv şəkli
YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Teatr növbəti il Londonda aprel-may aylarında keçiriləcək beynəlxalq festivala dəvət alıb

BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Dövlət Yuğ Teatrı 31-ci teatr mövsümünə hazırlaşır. Açılış mərasiminə sayılı günlər qalıb. Sputnik Azərbaycan hansı yeniliklərin nəzərdə tutulduğu ilə bağlı teatrın direktoru İslam Həsənovla söhbətləşib.

İslam Həsənov ötən mövsümün onlar üçün çox uğurlu olduğunu bildirib: “Teatrımız Adana Beynəlxalq teatr festivalında və Kazan Beynəlxalq Novruz festivalında çıxış edib. Bundan başqa, geridə qoyduğumuz mövsümdə iki tamaşa hazırlamışıq. Dövlət sifarişi ilə bolqar rejissor Xristo Stoyçevin quruluşunda U.Şekspirin "III Riçard" əsəri səhnələşdirildi. Yeri gəlmişkən, yeni mövsümü məhz bu tamaşa ilə açacağıq. Eyni zamanda, sözügedən tamaşa növbəti il Londonda aprel-may aylarında keçiriləcək beynəlxalq festivala dəvət alıb. Bununla yanaşı, Tehranda keçiriləcək Beynəlxalq "Fəcr" festivalına da dəvət almışıq”.

© © Sputnik / Almuradlı KamalAzərbaycan Dövlət Yuğ Teatrının direktoru İslam Həsənov, arxiv şəkli
Yuğ Teatrına yubiley öncəsi şad xəbər - yeni bina veriləcək - Sputnik Azərbaycan
Azərbaycan Dövlət Yuğ Teatrının direktoru İslam Həsənov, arxiv şəkli

Teatrın direktoru deyib ki, bu il onları böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, teatrın 30 illik yubileyi və teatrın yaradıcısı olan mərhum rejissor Vaqif İbrahimoğlunun 70 illiyinin keçirilməsi nəzərdə tutulur: “Artıq tarix də bəlli olub. Cari ilin dekabrın 3-də bu mötəbər tədbiri respublika səviyyəsində qeyd etməyi planlaşdırmışıq. Bu mövsümdə iki yeni tamaşa təqdim olunacaq. Artıq onların hazırlığına start verilib. Həmçinin İlqar Fəhminin əsəri əsasında Nəsimiyə həsr olunmuş maraqlı tamaşa hazırlayacağıq. Tamaşada dəvət olunmuş aktyorlar rol alacaqlar. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadədir. Tamaşa oktyabrın sonuna qədər təhvil veriləcək. Hər ay repertuarda olan tamaşalarımız oynanılacaq. Teatrsevərlər hər həftənin sonu "Yuğ" teatrına gəlib bizi izləyə bilərlər”.

"Bildiyiniz kimi, bizim teatr hələlik Abdulla Şaiq adına Kukla teatrında məskunlaşıb. Çox sevindiricidir ki, 2022-ci ildə teatrımıza yeni bina veriləcəyi ilə bağlı nazirlikdən bizə məlumat verildi. Təbii ki, 30 illik yubiley ərəfəsində teatrımız üçün bu böyük hədiyyədir. Buna görə ölkə Prezidentinə və Mədəniyyət nazirinə öz təşəkkürümü bildirirəm" - deyə bina məsələsinə aydınlıq gətirən İslam Həsənov qeyd edib.

Xəbər lenti
0