İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 5 sentyabr — Sputnik. Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Şamaxıda jurnalistlərlə keçirilən görüşdə Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə məlumat verib.
O, bildirib ki, zəlzələ nəticəsində evlərinə ziyan dəymiş sakinlər üçün şəhərin 20 Yanvar küçəsində 44 mənzilli 4 mərtəbəli və 20 mənzilli 5 mərtəbəli binalar inşa olunur: "Həmin binaların oktyabrın ortalarında təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi davam edir. Binanın oktyabrın sonuna qədər təhvil veriləcəyi nəzərdə tutulur".
Qeyd edək ki, Ağsuda 249 fərdi ev tikilir, onun 109-u təhvil verilib. İsmayıllıda isə 95 fərdi ev tikilir, onun 52-si təhvil verilib. Bundan əlavə, Ağsuda 488 ev bərpa olunur ki, onlardan da 162-si təhvil verilib. İsmayıllıda isə 337 ev bərpa olunur ki, onlardan 110-u təhvil verilib.