BAKI, 5 sentyabr — Sputnik. “Ermənistan ona dost olmayan istənilən ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi və ya tərəfdaş statusunu almasını blok edə bilər”. Sputnik Ermənistan xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Qeyd edək ki, bu gün Ermənistan Parlamentinin xarici əlaqələr üzrə komitəsində KTMT-nın nizamnaməsinə dəyişikliklərin edilməsi barədə müzakirələr keçirilib. Dəyişikliklərə əsasən KTMT-da müşahidəçi və tərəfdaş statusları olacaq.
"Buna qədər KTMT-da müşahidəçinin ola biləcəyinə dair bənd var idi. Lakin o açıqlanmamışdı. İndi isə təklif var ki, daha yüksək status – tərəfdaş statusu olsun. Onlar arasında fərq var" - deyə Koçaryan qeyd edib.
Tərəfdaş – KTMT ilə əlaqələri dərinləşdirməkdə maraqlı olan və onun ideologiyasını bölüşən ölkədir.
Koçaryan vurğulayıb ki, nizamnamədə Ermənistan üçün belə bir statusa malik ölkənin KTMT-ya üzv ölkəyə qarşı hər hansı bir addım atmaması barədə bəndin olması olduqca əhəmiyyətlidir: “Heç bir ölkə KTMT-nın bütün üzvlərinin razılığı olmadan müşahidəçi və ya tərəfdaş statusu ala bilməz".
Deputatlar nazirdən Azərbaycanın bu statuslardan hər hansı birini almaq istəyib-istəmədiyi ilə maraqlanıblar.
Koçaryan vurğulayıb ki, KTMT-nın məqsədi onun üzvlərinin təhlükəsizliyidir: "Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini birbaşa təhdid edən dövlət varsa, bu statuslardan hər hansı birini almağı bloklamaq üçün daha heç bir əlavə fakt lazım deyil. Təsəvvür edin, Azərbaycan quruma üzv olub. Bu, bizim üçün daha qəbuledilməz olardı".
O, vurğulayıb ki, əgər müşahidəçi hər hansı bir KTMT üzvünə və ya təşkilata qarşı hər hansı bir addım atarsa, onda bu ölkə və təşkilat aldığı statusdan məhrum edilə bilər.
Analoji vəziyyət Ermənistanla diplomatik əlaqələri olmayan Pakistanla da bağlıdır.