BAKI, 5 sentyabr — Sputnik. Britaniyanın Baş naziri Boris Consonun qardaşı Co Conson Mühafizəkarlar Partiyasından, eləcə də universitet və elm işləri üzrə nazir vəzifəsindən istefa verdiyini bildirib.
Sputnik Azərbaycan Consonun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, siyasətçi "Brexit" böhranı ilə bağlı "həll olunmayan" gərginliyi bu addımına səbəb kimi göstərib.
Qeyd edək ki, Boris Consonun qardaşı Britaniyanın Avropa İttifaqında (Aİ) qalmasının tərəfdarıdır.
"Twitter" paylaşımında Co Conson "ailə və milli maraqlar arasında qaldığını" bildirib.
— Jo Johnson (@JoJohnsonUK) 5 сентября 2019 г.
Co Conson bundan əvvəl keçmiş Baş nazir Tereza Meyin "Brexit" razılaşmasına etiraz olaraq nəqliyyat naziri vəzifəsindən istefa edib. Keçən il o, həmçinin ölkəsinin Aİ-də üzvlüyü ilə bağlı ikinci referendumun keçirilməsini istədiyini bildirib. Bu bəyanatı Co Consonu partiya yoldaşları, eləcə də qardaşı Boris ilə üz-üzə qoyub.
Bir müddət öncə, Co Conson şəxsi bloqunda "Brexit"in ölkəsini parçaladığını vurğulayıb: "O ("Brexit" – red.), siyasi partiyaları, ailələri parçalayıb".