Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 4 sentyabr — Sputnik. Bərdə rayonunda ev quşlarının kütləvi şəkildə tələf olması ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin İnformasiya təminatı, ictimaiyyətlə əlaqələr və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Yolçu Xanvəli məlumat verib.
O, bildirib ki, 15-20 gün öncə Bərdə rayonunun Cəyirli kəndi ərazisində Firdovsi Məmmədova məxsus quşçuluq təsərrüfatlarında ev quşlarının kütləvi tələf olması qeydə alınıb. Bununla bağlı rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerində olublar. F.Məmmədov quşların kütləvi ölümünə keyfiyyətsiz yemin səbəb olduğunu bildirib. Amma quşçuluq təsərrüfatının fəaliyyəti ilə bağlı Bərdə Rayon Baytarlıq İdarəsinə heç bir məlumat verilməyib. Bununla belə, quşlara verilən yemdən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzdindəki Baytarlıq Laboratoriyasında yoxlanılmasına başlanılıb. Hazırda yemin keyfiyyətinin öyrənilməsi, ev quşlarının kütləvi tələf olmasının səbəbləri araşdırılır.
Xatırladaq ki, F.Məmmədov bildirib ki, son bir ayda on iki mindən çox ev quşu ölüb. Fermerə 40 min manatdan çox ziyan dəyib.