BAKI, 4 sentyabr — Sputnik. Amerikanın Tennesi ştatında yerləşən Müqəddəs Edvard Katolik Məktəbinin şagirdləri bundan sonra məktəbin kitabxanasında Harri Potter haqqında kitabları oxuya bilməyəcəklər.
Sputnik Azərbaycan "Tennessean" qəzetinə istinadən xəbər verir ki, məktəb rəhbərliyi bu kitablarda "pis ruhları çağırmağa kömək edən həqiqi lənətlərin və ovsunların" yazıldığını iddia edib.
Gənc sehirbazın macəraları haqqında yeddi kitabın hamısı məktəbin kitabxanasından artıq yığışdırılıb.
"Bu kitablarda sehr həm xeyir, həm də şər kimi təsvir olunur – bu, həqiqətə uyğun deyil, bu, hiylədir. Bu kitablardakı lənət və ovsunlar həqiqidir, onları tələffüz etməklə pis ruhları çağırmaq olar", - məktəbin pastoru Den Rihil deyib.
Rihil amerikalı və italiyalı ekzorsistlərlə konsultasiyalar apardığını bildirib. Onlar Rihilə kitabların məktəb kitabxanasından yığışdırılmasını məsləhət görüblər.