BAKI, 4 sentyabr — Sputnik. Nobel prospekti Nargilə dairəsi yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Xəbərdə bildirilir ki, BNA tərəfindən qəza ilə bağlı araşdırmaya başlanılıb: "İlkin məlumata görə, idarəetmədən çıxan minik avtomobili əvvəlcə səkiyə daha sonra isə dayanacaqdan çıxan 46 nömrəli avtobusa çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza minik avtomobilinin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmçinin minik avtomobili sürücüsünün sənədlərinin olmadığı bildirilir. Bu və hadisəya dair digər detallar müvafiq qurumların araşdırmasından sonra məlum olacaq".
Səhiyyə Nazirliyindən qəza ilə bağlı verilən məlumatda isə qeyd edilir ki, hadisə yerinə gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili müxtəlif dərəcəli bədən xəsarətləri olan iki qadına tibbi yardım edib. Həkimin verdiyi məlimata görə, toqquşma nəticəsində qadınlardan birinin ayağı travmatik amputasiya olunub. Ağır vəziyyətdə olan yaralılar 3 saylı şəhər xəstəxanasına aparılıblar. Qəza nəticəsində digər xəsarət alanlar barədə ətraflı məlumatın veriləcəyi bildirilir.