Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 3 sentyabr — Sputnik. Vaxtilə Sumqayıtda fəaliyyət göstərmiş sanatoriyalardan biri də "Metallurq"dur.
Sputnik Azərbaycan xəbər verir ki, Sumqayıtda dənizə yaxın məsafədə yerləşən "Metallurq" sanatoriya-profilaktoriyası 1962-ci-ci ildən fəaliyyətə başlayıb. Minlərlə xəstənin şəfa tapdığı, insanların axın-axın gəldiyi yodlu-bromlu suyu ilə keçmiş SSRİ-də adla tanınmış bu sanatoriya təxminən 28 ildir fəaliyyətini dayandırıb. Bir vaxtlar minlərlə insana şəfa bəxş edən sanatoriyanın indi isə özünün necə deyərlər şəfaya ehtiyacı var.
Sanatoriya ərazisində 2 artezian quyusu var ki, bu quyulardan 280 metr dərinlikdən yodlu-bromlu su çıxarılıb. İndi isə bu artezian quyuları işləmir və baxımsız vəziyyətdədir. Müalicə prosedurlarına gəldikdə isə bu tibb müəssisəsində yodlu-bromlu su vannalarından, Naftalan vannası, sualtı, sirkulyar duşlardan, idman terapiyasından geniş şəkildə tətbiq edilirdi.
Bu sanatoriyaya nəinki Azərbaycandan, keçmiş SSRİ-nin digər respublikalarından da şəfa tapmaq üçün üz tutanlar olub.
Sanatoriyanın yerləşdiyi bina 2009-cu ildən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə verilib.
Xatırladaq ki, sözügedən sanatoriyaya uzun illər "Əməkdar həkim" Klara Germanovna rəhbərlik edib. Buranın uzun müddət fəaliyyətsiz olmağına baxmayaraq o, dünyasını dəyişənə kimi hər gün işə gəlib-gedirmiş.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilməkdədir. Xüsusi ilə turizmin inkişafı ilə bağlı prioritetlər müəyyən edilib. Əsas məqsədlər sırasında turizm ehtiyatlarının öyrənilməsi və onların genişləndirilməsi, turistlərin istirahəti, onların tələbatının ödənilməsi üçün zəruri olan xidmətlərin, ekskursiya və digər mədəni tədbirlərin çeşidinin genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort sərvətlərinin öyrənilməsi və davamlı istismarı, mehmanxanaların və digər turizm obyektlərinin tikintisinin genişləndirilməsi, turizm marşrutlarının artırılması istiqamətində işlər aparılır. Amma nədənsə, “iri addımlarımızı” atdığımız zaman "Metallurq" sanatoriyası kimi bəzi “xırda” məsələlər diqqətimizdən kənarda qalır.
Məsələnin aktuallığını nəzərə alaraq Milli Məclisin "İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq" komitəsinin üzvü, Sumqayıtdan millət vəkili seçilmiş Tahir Mirkişilinin münasibətini öyrəndik.
"Sumqayıtda son illər həyata keçirilən layihələr şəhərin turizm potensialını xeyli artırıb. Potensialı konkret işlərə çevirmək üçün isə daha çox təbliğata ehtiyac var. Effektiv təbliğatın aparılması mürəkkəb və uzunmüddətli işdir. Düşünürəm ki, bu istiqamətdə də işlər gedir. Biz də şəhərin deputatı kimi bütün xarici səfərlərdə, xaricilər ilə görüşlərdə Sumqayıt haqda daha çox informasiya verməyə çalışır və çox hallarda xaricilərin bu informasiyalar marağına səbəb olur. Şəhərdə vaxtı ilə fəaliyyət göstərmiş “Metallurq” sanatoriyasının dirçəldilməsi maraqlı ideyadır, bu məsələyə özəl sektorun cəlb olunmasına çalışmaq lazımdır" – deyə millət vəkili bildirir.
Qeyd edək ki, hazırda sanatoriyanın binasında 1993-cü ildən Qubadlıdan qaçqın düşmüş 39 ailə məskunlaşıb. Onların binadan köçürülməsi məsələsinə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Mətbuat xidmətindən verilən məlumata görə, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir. Bundan başqa, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında ölkəmizin özəl sektoru da bu problemin həllinə dəstək verməkdədir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olduğu barədə rəy verilmiş bina və tikililərdə müvəqqəti məskunlaşmış, həmçinin uzun müddət ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahəsi ilə birinci növbədə təmin edilirlər. Köçürülmə prosesi mərhələli şəkildə aparılır. Sumqayıt “Metallurq” sanatoriyasında müvəqqəti məskunlaşmış 39 məcburi köçkün ailələri də mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar.
Əgər yaxın müddətdə məcburi köçkün ailələri sanatoriyadan köçürülərsə binanın gələcək taleyi necə olacaq? Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov bildirdi ki, həqiqətən də bina 2009-cu ildən onların balansındadır. Amma məcburi köçkün ailələri orada məskunlaşdığına görə, heç bir özəlləşdirmədən söhbət gedə bilməz. Binanın taleyinə məhz köçürülmədən sonra aydınlıq gətiriləcək.