BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Prezident Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edildi, iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrimizin inkişafındakı rolu vurğulandı, Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi bildirildi və bu səfərin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.