BAKI, 3 sentyabr — Sputnik. Valideynlərin riayət etdikləri vegetarian və veqan dietaları onların uşaqlarının əqli qabiliyyətinə mənfi təsir edə bilər. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda britaniyalı dietoloq Emma Derbişirin "BMJ Nutrition" nəşrində dərc olunmuş məqaləsində deyilir.
Məqalənin müəllifi bildirib ki, heyvan mənşəli qidadan imtina etmək xolin çatışmazlığına səbəb olur. Qeyd edək ki, xolin baş beyinin inkişafı üçün lazımdır və adətən ətdə, yumurtada və süddə onun miqdarı çox olur.
Derbişir qeyd edir ki, xolin dölün baş və onurğa beyin strukturunun düzgün formalaşması üçün vacibdir və hamiləlik zamanı onun çatışmazlığı körpənin sinir borusunda qüsurların yaranmasına səbəb olur.
Keçən ilin dekabrında Deyvis Kaliforniya Universitetinin professoru Frenk Mitloner bildirib ki, ətdən kütləvi şəkildə imtina etmək ətraf mühitə təsiri azaltmayacaq və əksinə, bu təsiri daha da artıracaq.
2016-cı ilin martında Kornel Universitetinin bioloqları "Molecular Biology and Evolution" jurnalında dərc olunmuş məqalələrində vegetarian dietasının mənfi nəticələrindən yazıblar. Onlar qeyd ediblər ki, bu dietaya riayət edən insanlarda qalın bağırsaq xərçənginin və ürək-damar sisteminin xəstəlikləri riski yüksək olur.