BAKI, 2 sentyabr — Sputnik. Ermənistan Dövlət İqtisad Universitetinin tələbələri bu gün tətil keçiriblər. Bu barədə Sputnik Ermənistan xəbər verir.
"Keyfiyyətli təhsil naminə" təşəbbüs qrupunun fəalları rektor Ruben Ayrapetyanın istefasına qarşı çıxırlar. Tələbələr eyni zamanda kimlərinsə tapşırığı ilə professor və rəhbərliyin təyin olunmasına etiraz edirlər. Onlar artıq Ermənistanın təhsil naziri Araik Aryutunyana da bir neçə məktub göndəriblər. Onlar bu məktublarda universitetin rektoru səlahiyyətlərini icra edən Diana Qaloyanın elmi işlərində plagiatların olmasına dair nümunələr göstəriblər.
Tələbələr xeyli vəsait ödədikləri üçün universitetdən keyfiyyətli təhsil verilməsini tələb edirlər.
"Bizim üçün ən əsası Ruben Ayrapetyanın universitetin rektoru vəzifəsinə geri qayıtması və təhsil prosesi ilə bağlı apardığı islahatları davam etdirməsidir", - deyə fəallardan biri, Ani Xaçatryan bildirib.
Hələlik aksiya iştirakçıları məktublarına Ermənistan Təhsil Nazirliyindən cavab almayıblar.