BAKI, 2 sentyabr — Sputnik. Avqustun 28-də əmələ gələn tac dəliyinin Yerə doğru yönəlməsi nəticəsində yüksək sürətli axınların geoeffektivliyi ilə əlaqədar olaraq Günəş küləyi parametrlərində kəskin artma müşahidə olunub.
Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Günəş küləyinin sürəti 600 - 775 km/san intervalında dəyişib. Geomaqnit sahə son 24 saat ərzində G2 səviyyəli maqnit qasırğasının təsiri altında həyəcanlanmış halda olub.
Rəsədxanadan verilən məlumata görə, 2-4 sentyabr tarixlərində, yəni proqnoz dövründə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Qeyd olunur ki, bu gün isə Günəş küləyinin sürətli külək rejiminə uyğun qalacağı, növbəti günlər isə (3, 4 sentyabr) nisbətən zəifləyəcəyi proqnozlaşdırılır.
Bu gün G1 səviyyəli maqnit qasırğasının davam edəcəyi proqnozlaşdırılır. Sonuncu iki proqnoz günləri isə (3, 4 sentyabr) nisbətən sabit şərait müşahidə olunacaq.