BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanın tanınmış müğənnisi, hazırda Türkiyədə yaşayan İradə İbrahimova maraqlı paylaşım edib.
Sputnik Azərbaycan xəbər verir ki, müğənni sentyabr ayının gəlişi ilə bağlı öz fikirlərini yazıb. "Sevdiyim aylar, mövsümlər gəlir. Əslində hər il, ay, gün, həftə, saat gözəldir dediyim yaşlara gəlmişəm. Ən əsası, kimlər məni incidib, qırıb, söz atıb oralarda da deyiləm artıq. Mənim üçün artıq nə etmişəm, planımda nələr vardı və nələri həyata keçirə bildim, nələrdən əl çəkib, yerinə nələri qoymuşam kimi özümə lazımlı tənqidlər edib, sonra gördüklərimdən, hiss etdiklərimdən, eşitdiklərimdən, oxuduqlarımdan, öyrəndiklərimdən mənə nə qaldı, qazancım nə oldu kimi hesablar aparıram. Sevdiklərim, kitablarım, eşitdiklərim davranışlarıma, fikirlərimə, şəxsiyyətimə gözlə görülə biləcək qədər mənə nə qazandırdı? Mən artıq bunların izində və dərdindəyəm. Sentyabr gəldi. İlin geridə qalanının mülahizəsi başlayır. Özünüzü yaxından tanımağınız üçün kitablarla aranız yaxşı olsun. Kitablarla insan özünü aşkara çıxardıb, kəşf edir. Ən böyük kəşf özümüzük. Bu həyatda sonsuzadək özünü kəşf etməkdən gözəl, vacib nə ola bilər?! Çünki, ön söz özümüzük, bizik, sizsiniz” – deyə qeyd edib.
Qeyd edək ki, İradə İbrahimova 2009-ci ildə Türkiyəli iş adamı Ceyhun İzerlə ailə həyatı qurduqdan sonra Türkiyədə yaşayır.