Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 2 sentyabr — Sputnik. Bakıya Türkiyədə istehsal edilən 300 yeni avtobus gətirilir.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkəti tərəfindən istehsal edilən avtobuslar yaxın aylarda Bakı yollarında istismara veriləcək. Paytaxta gətirilən həmin avtobusların əsasən daha çox şikayət olunan, problemlər yaşanan xətlərdəki avtobusları əvəz edəcəyi və Bakıətrafı qəsəbələrə işləyən marşrut xətlərinə buraxılacağı gözlənilir.
BNA-nın mətbuat katibi Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda avtobusların gətirilməsi davam etdirilir. O, bildirib ki, avtobusların 28-i 12 metrlik, 20-si isə 18 metrlikdir. M.Ağayev avtobusların qiyməti haqqında isə məlumatlı olmadığını söyləyib.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) 300 avtobusun tədarükü ilə bağlı elan edilmiş tenderin qalibi "BMC Otomativ Sanaye ve Ticaret A.S." şirkətidir. İki qurum arasında 2018-ci il oktyabr ayının 23-də müqavilə bağlanılıb.