BAKI, 2 sentyabr — Sputnik. Cari ilin yekunlarında Rusiyada aviabiletlərin qiymətləri 2018-ci illə müqayisədə 9-10 faiz artacaq. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Hava Nəqliyyatı İstismarçıları Assosiasiyasının icraçı direktorunun müavini Boris Şokurov deyib.
Şokurov qeyd edib ki, rusiyalı aviaşirkətlər əsas gəliri adətən ilin ikinci və üçüncü rüblərində əldə edir. Birinci və dördüncü rüblərdə isə onların fəaliyyətində itkilər müşahidə olunur.
"Bu il maliyyə nəticələrinin müsbət olacağı gözlənilmir", - Şokurov əlavə edib.
Assosiasiyanın hesablamalarına görə, artıq birinci rübdə Rusiya aviaşirkətləri 45 milyard rubl itirib. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.
Bununla yanaşı, Rusiya Ali İqtisadiyyat Məktəbinin Nəqliyyat İqtisadiyyatı İnstitutunun eksperti Andrey Kramarenko bildirib ki, bu il daşıyıcıların itkiləri keçən illə müqayisədə daha az olacaq, belə ki, oktyabrın 1-dən etibarən Moskva üzərindən həyata keçirilməyən daxili uçuşlar üzrə əlavə dəyər vergisi sıfıra enəcək. O qeyd edib ki, bundan başqa, aviabiletlərin dəyərinin artması inflyasiya artımından öndə gedir.
Qeyd olunur ki, bilet qiymətləri aviasiya kerosininin bahalaşması ilə bağlıdır.
Qiymətlərin artması şəraitində aviaşirkətləri dəstəkləmək üçün avqustun 1-dən etibarən kerosin qiymətlərinə dempfer (məhdudiyyət) tətbiq olunmağa başlanılıb. Lakin aviaşirkətlər, o cümlədən də "Aeroflot" və "Ural Hava Yolları" bu mexanizmin effektiv olmadığını qeyd edib.
Rusiya Maliyyə Nazirliyinin mətbuat xidməti bildirib ki, neftin qiymətinin bir barelə görə 65 dollardan çox bahalaşdığı təqdirdə Rusiya aviaşirkətləri dempfer çərçivəsində ödənişlər əldə edəcəklər. Nazirlik həmçinin bildirib ki, 2015-ci ildən etibarən rusiyalı aviaşirkətlər kerosin alarkən xərclədikləri vəsaitin bir hissəsini təzminat (hər tona görə 3024 rubl) olaraq geri alır.