İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 1 sentyabr — Sputnik. Qarmon Azərbaycanın milli musiqi aləti olmasa da, musiqi mədəniyyətimizin bir hissəsinə çevrilib desək, yanılmarıq. Onun növlərindən biri də milli musiqilərimizin ifası üçün hazırlanan Azərbaycan qarmonudur. Ölkəmizdə sənaye üsulu ilə qarmon istehsal edilməsə də, bu cür qarmon hazırlayan xüsusi sənətkarlar var. Onlardan biri də Ağstafa rayon sakini İslam Süleymanovdur.
O, Azərbaycan qarmonu hazırlamaqla yanaşı, akkordeon və bayanları Azərbaycan musiqisi üzərində ayarlayan yeganə sənətkar olaraq tanınır. Həm də gözəl qarmon ifaçısı olan 70 yaşlı sənətkar Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu sənətin sirləri və gələcək gözləntiləri barədə söhbət açıb.
Qarmonun dillərinə ilk dəfə 7 yaşında toxunan İ.Süleymanov onun əlifbasını atasından öyrənib. Sonradan 5 illik musiqi məktəbini 2 ilə bitirən sənətkar iqtisadiyyat üzrə ali təhsil alıb və bir çox yerlərdə iqtisadçı kimi çalışıb. Lakin heç vaxt qarmonu əlindən yerə qoymadığını söyləyir: “İqtisadçı kimi məni yalnız iş yoldaşlarım və yaxın çevrəm tanıdı, amma qarmonçu kimi mən respublikada tanındım. Məşhur xanəndələrin ansamblında çıxış etdim. Sonuncu ansamblım rəhmətlik Əlibaba Məmmədovun “Humayun” ansamblı oldu. Lakin atamın rəhmətə getməsindən sonra rayona qayıtdım və zavodların birində baş iqtisadçı işləməyə başladım. Eyni zamanda toylara da gedirdim. Qarmonu təmirə apardıqca ustaların əlinə baxıb müəyyən işlər öyrənirdim. Sonradan qarmon hazırlamağa o qədər həvəsim artdı ki, onu dərindən bilmək üçün Rusiyanın Tula şəhərinə getdim. Tulada ustalarla yaxşı münasibət yaradıb qarmonun bütün incəliklərini öyrəndim” – deyə bildirir.
Sənətin sirlərinə sahiblənən İ.Süleymanov vətənə döndükdən sonra bütün qarmonçuların müraciət etdiyi bir sənətkara çevrilib. Azərbaycan qarmonunun mahir ustası olan sənətkar bir çox yeniliklərə də imza atdığını söyləyib: “Azərbaycan qarmonu digərlərindən səs və tembrlərinə görə fərqlənir. Məsələn, akkordeonun "do" səsi bizim "do" səsindən yarım ton yuxarıdır. Bunu nizamlamaq üçün akkordeonu tamamilə söküb notları yarım ton azaldıram. Düzdür, solo akkordeon istifadə edənlər var, amma müşayiətçi kimi o, əl vermir. Bizim muğamın sızıltısını yalnız öz qarmonumuz ifa edir” - deyən sənətkar bu işi Azərbaycanda yalnız onun bacardığını bildirir.
Usta bir qarmonun hazırlanmasına ən azı 3 ay sərf etdiyini, bu alətin ən bahalı alətlərdən olduğunu söyləyir.
“Qarmonun hazırlanması min manatdan çox xərc tələb edir. Qiyməti isə tam hazır olduqdan sonra qoyulur. Hazırlayıb səsləndirdikdən sonra artıq bu qarmonun dəyərinin 3, yaxud 5 min manat olduğu təyin edilir” - deyə bildirib.
Dükanlarda 100-200 manat civarında rast gəlinən qarmonlara gəlincə isə sənətkar onların həvəskarlar üçün hazırlanan fabrik qarmonları olduğunu söyləyir.
“Dükanlarda satılan qarmonlar həvəskarlar üçündür. Azərbaycanda heç bir sənətkar fabrik qarmonunda ifa etmir. Onların hər biri öz sifarişləri əsasında düzəlmə qarmondan istifadə edirlər. Müqayisə üçün deyim ki, sovet vaxtı fabrik qarmonu dükanda 70 rubl idisə, onda sifarişli qarmonu min rubla hazırlatdırırdılar. Düzəlmə qarmonların imkanları çox genişdir” - deyə İ.Süleymanov bildirib.
Sənətkar hazırda ansambllarzda, toylarımızda qarmona olan marağın azaldığını da təəssüflə qeyd edir: “Son vaxtlar sintezatorun çıxmasilə qarmona maraq azalıb. Bu işdə səriştəsiz qarmonçuların da əməyi az deyil. Adi bir müqayisə deyim, qarmonu öyrənib toya getmək üçün musiqiçiyə 10 il vaxt lazımdır. Amma sintezator alıb 1 aydan sonra toy ifa edən musiqiçilər görmüşəm. Qarmon ifa etmək üçün insanda istedad, təcrübə, ən əsası isə ürək lazımdır. Amma sintezator üçün bunların heç birinə ehtiyac yoxdur. Mən ifa etdiyim musiqini heç iki sintezator birgə ifa edə bilməz” - deyə İ.Süleymanov qeyd edib.
İ.Süleymanov qarmonun böyük ansambl, orkestrlərdən çıxarılmasının gələcəkdə bəzi fəsadlara yol aça biləcəyini də söyləyib:
“Bu gün ermənilər bizim Azərbaycan qarmonlarını kütləvi şəkildə alırlar. Sənətkarlarımız neynəsin, toyu olmadıqca məcbur qalıb satırlar. Bu qarmonlar əldən-ələ keçərək Tbilisiyə gedib çıxır və oradan ermənilər daşıyır. Əvvəllər onlar akkordeon çalardı. Hazırda isə bütün ansambllarında bizim Azərbaycan qarmonlarından istifadə edirlər. Sosial şəbəkələrə girin baxın, bizim musiqilərə əl gəzdirib çox gözəl musiqilər yerləşdirirlər öz adlarından. Bir gün bu alətimizə də sahib çıxacaqlar, amma onda artıq gec olacaq” - deyə sənətkar söyləyib.
İslam Süleymanov 2006-cı ildə Ermənistanın milli mədəni irs siyahısına salınan balabanın da vaxtilə belə bir tale yaşadığını və hazırkı nəticənin məlum olduğunu yada salıb.