Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 1 sentyabr — Sputnik. Son günlər Azərbaycanda meşə yanğınları tüğyan edir. Şəmkirdə, Şabranda, Lerikdə, Bərdədə, Oğuzda, Yardımlıda baş verən meşə yanğınları cəmiyyəti narahat edən amillərdən birinə çevrilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov yanğınların baş vermə səbəbini açıqlayıb. A.Qaraşov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, meşə yanğınlarının baş verməsinin əsas səbəbi insanların taxıl, biçənək sahələrini biçindən sonra yandırması, meşə sahələrinə gedəndə odla ehtiyatsız davranmasıdır:
A.Qaraşov bildirib ki, hər yanğından sonra həm Fövqəladə Hallar Nazirliyinin, həm də digər aidiyyatı qurumların müvafiq orqanları tərəfindən təhqiqat aparılır: "Bir çox yanğınların baş vermə səbəbi ehtiyatsızlıq törədən şəxslərdir. Çalışılır ki, onlar tapılsın, ictimai qınağa məruz qalsın, insanlar, vətəndaşlar bilsin ki, yanğınların səbəbkarları kimlərdir. Eyni zamanda hüquqi məsuliyyətə cəlb olunsunlar. Çünki bu yanğınlar nəticəsində dövlətə külli miqdarda ziyan dəyir, həm təbii sərvətlər məhv olur. Eyni zamanda, dövlət qurumları kifayət qədər vəsait xərcləyir, insanlar həyatlarını riskə atırlar. Bu baxımdan bu təhqiqatların sonunda səbəbkarın aşkarlanmasında ən maraqlı tərəfik. Son günlər baş verən yanğınlarla əlaqədar bir neçə şübhəli şəxs müəyyən olunub, onlarla bağlı sənədlər artıq toplanılıb və hüquq-mühafizə orqanlarına göndərilib. Hazırda araşdırmalar həm Ekologiya və Təbii Sərvətlər, həm Fövqəladə Hallar nazirlikləri, həm də polis tərəfindən davam etdirilir. Bu cür halların qarşısının alınması, meşə sahələrinə nəzarət etmək üçün Zaqatala, Oğuz, Qəbələ, Qax və Şəki rayonlarında 5 müşahidə kamerası quraşdırılıb. İlin sonuna kimi daha 9 yerdə müşahidə kameraları quraşdırılacaq".