Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. Toylardakı qidalar zəhərlənmə mənbəyinə çevrilib. Artıq Qida Təhlükəsizliyi Agentliyi Şəkidə və İsmayıllıda toyda baş verən zəhərlənmə hadisələri ilə bağlı araşdırmaya başlayıb. Bu məqsədlə Agentlik tərəfindən işçi qrup hadisə yerinə ezam olunub.
AQTA-nın nümayəndəsi Ramazan Nəbiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toy edən şəxslə müxtəlif qida məhsulları hazırlamaq üçün alınan məhsulların üzərindəki məlumatlar dəqiq oxunmalıdır. Agentlik rəsmisinin sözlərinə görə, yay aylarında zərərli mikroorqanizmlər daha sürətlə yayılır və buna xüsusi diqqət edilməlidir.
Ramazan Nəbiyev bildirib ki, toy edən şəxslər hazır yeməklərin saxlanılması qaydalarına da riayət etməlidirlər. Onun sözlərinə görə, yeməkləri bişmiş və hazır halda açıq şəraitdə uzun zaman saxlamaq da olmaz. Mütəxəssis onu da bildirib ki, ət və meyvə-tərəvəz doğrayan bıçaqlar və onların qoyulduğu taxtalar da ayrı olmalıdır. Çünki onların hansısa birində olan bakteriyalar digərini yoluxdura bilər. R. Nəbiyev bildirib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar qurumun 1003 saylı qaynar xəttinə zəng edib məlumat verə bilərlər.
Xatırladaq ki, Səhiyyə Nazirliyi toylarda baş vermiş zəhərlənmələrə şirə və paytaxt salatının səbəb olma ehtimalı açıqlamışdı.