BAKI, 31 avqust — Sputnik. "Ələt-Astara-İran İslam Respublikası ilə sərhəd yolu bir neçə ay əvvəl istismara veriləndən sonra o yolda qəzalarda ölənlərin sayı-hesabı yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
O, qeyd edib ki, dünən daha bir ağır hadisə baş verib, nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb: "Həmin yolda tez-tez belə ağır qəzaların olmasının əsas səbəbini bir neçə gün əvvəl gecə vaxtı həmin yolda hərəkət edərkən bir daha aydın şəkildə müşahidə etdim. Diqqət edirsinizsə, ağır hadisələrin mütləq əksəriyyəti qaranlıq vaxtı baş verir. Əsas səbəb də bununla bağlıdır. Yolda süni işıqlandırma yoxdur, yüksək sürətlə intensiv qarşılıqlı hərəkət var (demək olar ki, hər zaman qarşı hərəkət hissəsi ilə avtomobil gəlir). Bu şəraitdə 2 ciddi problem yaranır.
Ekspert problemi aradan qaldırmaq üçün öz təklifini də yazıb. O, qeyd edib ki, ləngitmədən həmin yol tam işıqlandırılmalıdır: "Müasir az enerji sərf edən, hətta alternativ enerjidən istifadə edən işıqlandırma sistemi yaradılmalıdır. Həmçinin bütün yol boyu nişanlanma xətləri müasir işıqqaytarıcı boyalarla işlənməlidir, özü də hərəkət hissələrinin kənarları avtomagistral üçün nəzərdə tutulan 1.2 xətti ilə işarələnməlidir. Ayırıcı zolaqdakı və kənarlardakı qoruyucu sədlər isə standarta uyğun işıqqaytarıcı elementlərlə (üçbucaqlı bayraqcıqlarla) təmin edilməlidir. Sürücülərə isə tövsiyə edirəm ki, 5.1 nişanına və üzərində "110-120" yazılan 3.24 nişanına aldanıb çox yüksək sürətlə sürməsinlər (xüsusən qaranlıqda), görünmə şəraitinə uyğun sürət seçsinlər. İşıq cihazlarından düzgün istifadə etsinlər, digər sürücülərə hörmət edərək, qarşıdan gələnlər varsa, qaydalara uyğun olmaqla uzaq işıqdan istifadə etməsinlər”.