İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. Bu sənət sanki bir musiqidir. Alov, çəkic, zindan və közərmiş dəmirdən çıxan səslər dəmirçinin müşayiətiylə ritmlərə çevrilir və bu mənzərəni seyr edərkən musiqi duyumu olmayan insanların dəmirçiliklə məşğul ola bilməməsi qənaətinə gəlinir.
Tovuz rayon Çeşməli kənd sakini Sərxan Mirzəyev 100 illərdir babalarından gələn bu ritmlərin sədası altında gözlərini açıb, böyüyüb və əli çəkic tutandan dəmirçilik etməyə başlayıb. Əsrlərlə yaşı olan zindanı müqəddəs sayan sənətkar elə and içəndə də “Davud peyğəmbərdən qalan zindan haqqı” deyərək and içib. Böyük bir bölgənin dəmirçilik tələbatını ödəyən sənətkar Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə həmsöhbət olub. Bu işin çətinliklərini sözlə ifadə etməkdən daha çox, onu canlı olaraq göstərməyə üstünlük verib. O, bu sənətin, azalsa da, heç vaxt yox olmayacağını söyləyir:
“Dəmirçilik sənəti, azalsa da, itən deyil. Neçə ki, insan var, canlı yaşayır, cəmiyyət mövcuddur, bu sənət də yaşayacaq. Biz də babalarımızdan gələn bu sənəti övladlarımıza ötürməyi özümüzə mənəvi borc bilirik”.
47 yaşlı dəmirçi yaşadığı ucqar dağ kəndində bir vaxtlar 10-dan artıq dəmirçi emalatxanasının olduğunu, indi onlardan yalnız ikisinin fəaliyyət göstərdiyini bildirir.
Nal düzəltməkdən başqa, onun vurulması işini də görən sənətkar bütün çətinliklərinə baxmayaraq dəmirçiliklə ailə dolandırmağın mümkün olduğunu deyir. O qiymətlər haqda da danışır.
"Çörəkpulu çıxara bilirik. Bir ata 4 nal, 24 kora hazırlayıb vuranda 12 manat alırıq. Xammalı isə dəmir qəbulu məntəqələrindən seçib götürürük", - usta deyir.
Sərxan Mirzəyevin fikrincə, dəmirçi sənətinə yiyələnmək üçün insanda ilk növbədə maraq, dözüm və sağlamlıq olmalıdır.