Zülfiyyə Quluyeva, Spunik Azərbaycan
BAKI, 30 avqust — Sputnik. İndiyədək xaricdə attestatla ali məktəblərə qəbul olan azərbaycanlı məzunlarla bağlı müxtəlif iddialar səsləndirilib. Bunlar arasında həmin məzunların Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanlarında çox aşağı nəticə göstərməsi, çoxunun bu imtahanlarda savadına güvənmədiyi üçün ümumiyyətlə iştirak etməməsi, həmçinin buraxılış imtahanlarında biabırçı nəticə göstərməsinə dair fikirlər var.
Bu günlərdə isə buna bənzər daha bir iddia ilə təhsil eksperti Kamran Əsədov çıxış edib. O, qardaş Türkiyədə attestatla ali təhsil ardınca gedənlər arasında tam orta təhsilini başa vurmayanların olduğunu bildirib:
"Azərbaycandan xaricdə təhsil alan gənclər arasında orta təhsili bitirib attestat almayanlar da var. Onlar saxta attestatla xaricdə gedib təhsil alırlar".
K.Əsədov qeyd edib ki, hər il ölkəmizdə keçirilən buraxılış və qəbul imtahanlarından sonra yetərli bal toplaya bilməyib ali məktəbə qəbul ola bilməyənlər xarici ölkələrə üz tuturlar: "Vətənimizin gənclərinin təhsil almaq üçün getdiyi ölkələrdən biri də qardaş Türkiyədir. Haradasa 15 minə yaxın soydaşımız buraya təhsil ardınca gəlib. Bu onların hüququdur. Amma məsələnin digər tərəfi var. Bildiyimiz kimi, ölkəmizdə şagirdlər orta məktəbi bitirəndən sonra attestat alırlar. Amma müəyyən qədər attestat ala bilməyənlər də olur. Onlar sonra saxta attestat ilə xarici ölkələrdə təhsil almağa üz tuturlar və 4 il sonra diplom alıb gəlib ölkədə bu diplomu tanıtdırırlar. Təsəvvür edin ki, orta məktəbi bitirməyən ali təhsil diplomu ilə gəlir. Ona görə də Təhsil Nazirliyi diplomu tanıyarkən müraciət edənin orta məktəbi bitirməsi məsələsini də araşdırmalıdır. Türkiyə universitetləri bizim gənclərin saxta sənəd, imtahan nəticəsi təqdim etməsindən beziblər".
Sputnik Azərbaycan mövzunu araşdırmaq məqsədilə Təhsil Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayıb. Qurumun Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, indiyədək Türkiyədəki ali təhsil müəssisələrindən azərbaycanlı məzunların saxta attestat təqdim etmələri barədə onlara heç bir müraciət daxil olmayıb: "Biz bilmirik K.Əsədov bu məlumatı hansı fakta əsaslanaraq söyləyib. Amma indiyədək Türkiyədəki ali məktəblərdən bizə saxta attestatla bağlı sorğu daxil olmayıb. Əgər xaricdəki hansısa ali məktəb attestatın saxta olmasından şübhələnirsə, yəqin ki, bu məsələni ilk olaraq bizimlə dəqiqləşdirməyə cəhd edər. Amma biz bu günədək saxta attestatla bağlı Türkiyənin ali təhsil müəssisələrindən bir müraciət belə qəbul edib cavablandırmamışıq".
N.Məmmədli deyir ki, prinsipcə, xaricdə attestatla təhsil almaq istəyən azərbaycanlı məzunların saxta attestat təqdim etməyə ehtiyacları da yoxdur: "Azərbaycanda ümumtəhsil müəssisələrində təhsil alan bütün şagirdlər orta məktəbi başa vurduqda mütləq attestat ala bilirlər. Hətta iki qiyməti alanlar da attestat ala bilirlər. Belə halda Türkiyədəki ali təhsil müəssisələrinə saxta attestat təqdim etməyə nə ehtiyac var?"
Şöbə müdiri bildirib ki, hətta qiymətə görə saxtalaşdırmaya cəhd olsa belə, həmin ali məktəblər bunu ancaq abituriyent barədə Təhsil Nazirliyinə sorğu göndərməklə dəqiqləşdirə bilərlər: "Amma bizə indiyədək belə bir sorğu ilə müraciət daxil olmayıb".
N.Məmmədli deyir ki, xaricdə təhsillə bağlı nazirlik Türkiyə tərəfinə müraciət edib. Həmin müraciətdə qeyd edilib ki, Türkiyədəki ali təhsil müəssisələrinə Azərbaycandan tələbə qəbulu zamanı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanın nəticələri əsas götürülsün.