BAKI, 30 avqust — Sputnik. Mingəçevirdə 120 ildən artıq yaşı olan qovaq ağacı gecə saatlarında kökündən qoparaq yaşayış ərazisinə aşıb.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Mingəçevir Su Anbarı hövzəsində yerləşən köhnə turist bazasında baş verib.
Məcburi köçkünlərin məskunlaşdığı bu bazanın giriş qapıları önündə qəfildən aşan qovaq ağacının 120 ildən artıq yaşı olduğu deyilir. Nəhəng ağac iri gövdə və budaqları ilə ətrafa yayılıb. Hətta ətrafındakı nisbətən gənc həmişəyaşıl ağacların da bir qisminin üstünə düşərək onlara da zərər verib. Hadisə gecə saatlarında baş verdiyindən turist bazası ərazisində məcburi köçkünlərdən zərərçəkən şəxs olmayıb.