İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 25 avqust — Sputnik. Gəl, sevgili olmayaq,
Bütün gün danışaq,
Amma sevgili olmayaq...
İlk dəfə bu şeiri səsləndirən qiraətçini dinləyəndə sevginin necə möhtəşəm hiss olduğunu bir daha anladım. Məlahətli səsə qulaq asdıqca, şeirin hər kəlməsi insanın ürəyinə işləyirdi.
Xəzər Süleymanlı bir neçə ildir ki, bədii qiraətlə məşğul olur. Özünün də dediyi kimi, ifası ilə qəlblərə yol tapa bilib. Onun səsinə qulaq asmaq kifayət edir ki, duyğulanasan, gözlərin dolsun.
Sputnik Azərbaycan-ın budəfəki qonağı qiraətçi Xəzər Süleymanlıdır.
- Sizin bədii qiraətə gəlişiniz, demək olar ki, bu sahəyə yeni bir nəfəs gətirdi. İndi gənclərin çoxu Xəzər Süleymanlını dinləyir. Mən də sizin ifanızın pərəstişkarıyam. Necə oldu qiraətə başladınız?
- Sizin belə düşünməyiniz mənim üçün həqiqətən əhəmiyyətlidir. Ümumiyyətlə, belə sözləri eşidəndə çox sevinirəm. Deməli ki, az da olsa nəyəsə nail olmuşam.
Mən şeir oxumağa başlayanda səhnədə bizim istədiyimiz səviyyədə qiraət sənəti ilə məşğul olan bir kimsə qalmamışdı. Daha çox toylarda tamadalar tanınırdı şeirlərlə. Yaxud da efirə çıxanlar şeirləri elə tamadalar səviyyəsində təbliğ edirdilər. Amma peşəkar şəkildə məşğul olanlar az idi.
İlk şeiri 2009-cu ildə səsləndirmişəm. Öz yazdığım şeir idi. Bu bir təsadüf idi. Mənə sadəcə demişdilər ki, bu şeiri səsləndir və bizə göndər. Mən də etmişdim. Mən də hazırlayıb göndərdim. Ondan sonra mənə bəzi insanlar dedilər ki, səs tembrin maraqlıdır, davam etdirsən, bu istiqamətdə uğur əldə edə bilərsəm. Amma mən tələbə idim, baş qoşmadım. Çünki mühəndis olmaq eşqi ilə alışıb-yanırdım. Fikirləşirdim ki, tikintidə işləyəcəyəm. Amma hərbi xidmətdən qayıdandan sonra gördüm ki, bu sahədə həqiqətən bir boşluq var. Düşündüm ki, indi öz şeirimi yox, başqa bir müəllifin şeirini səsləndirim, görək necə qəbul edilir. Aqşin Evrən adlı çox istedadlı şairin "Unutmağın resepti" şeirini səsləndirdim. Paylaşandan sonra baxdım ki, kifayət qədər, yəni gözləmədiyimiz qədər baxış sayı topladı, insanlar paylaşdılar. Bu sahənin biliciləri yazmağa başladılar ki, çox yaxşıdır, maraqlıdır. Bundan sonra mütəmadi olaraq şeir səsləndirməyə başladım. Bu mənim üçün bir başlanğıc oldu.
- Professional şəkildə bədii qiraətlə məşğul olmağa nə vaxtdan başlamısınız?
- Tikintidə mühəndis işləyirdim. Yaxşı da qazanırdım. İşim də yaxşı idi. Azərbaycanın orta statistik vətəndaşlarının qazandığı maaşdan daha yüksək idi. Təbii ki, maraqlı iş idi. Amma orada görürdüm ki, məni qane eləmir. Mən uşaqlıqdan incəsənətə bağlı olmuşam. Uşaq vaxtında musiqi məktəbinə getmişəm, tarda, sazda professional şəkildə ifa etməyi bacarmışam. İndi də arada məşğul oluram. Ona görə həmişə istəyirdim ki, bu sahədə fəaliyyət göstərim. Fərqi yoxdur – qiraətçi kimi, ya da musiqiçi kimi. 2014-cü ildən bu günə qədər bu işlə professional şəkildə məşğulam.
Bədii qiraət sənəti 2-3 il bundan qabaq kütləviləşdi. Kimə baxırsan, şeir səsləndirir, hərə bir telefon götürüb özünü videoya çəkir, şeir oxuyur. Əvvəllər aktyorların da bu sahəyə bir o qədər diqqəti yox idi, ciddi baxmırdılar. Amma daha sonra aktyorlar da, hətta müğənnilər də başladılar şeir səsləndirməyə, Get-gedə bu kütləviləşdi. İndi sıravi insanlar da səsləndirirlər. Sevinirəm! Ən azından ona görə ki, bədii qiraət sahəsində canlanmada bir az da olsa mənim də əziyyətim var. Təbii ki, burada digər həmkarlarım da var. Kamran Yunisin də kifayət qədər auditoriyası var, sevilir.
- Xəzər Süleymanlı özünü tanıtsın. Kimdir?
- Açığı, bu "kimdir" sualı mənim üçün bir az qorxulu sualdır. Cavab vermək istəyirsən, baxırsan ki, çox primitiv bir cavab alınır. Məsələn mən Xəzər Süleymanam. İstəyirsən daha dərindən danışasan, görürsən ki özündənrazılığa gedib çıxır. Ona görə bir az ehtiyat edirəm "kimdir" sualına cavab verəndə. Fikirləşirəm ki, əgər özümü Xəzər dənizi ilə müqayisə etsəm, Xəzər dənizindən daha sakit və ondan daha ədalətliyəm. Çünki onun bir az qatil tərəfi var. 30 yaşım var. Əslimiz Goranboy rayonundandır. Atam da, anam da goranboyludurlar. Atamın bir tərəfi Cənubi Azərbaycandandır. Oradan gəliblər. Mənim uşaqlığım da rayonda keçib. Amma Goranboyda deyil, atamın təyinatına görə Yevlaxda yaşamışıq. Haradasa 12-13 yaşıma qədər orada yaşamışıq, sonra gəlmişik Bakıya. Məktəbi Bakıda bitirmişəm. Universitetə burada qəbul olunmuşam.
- Qiraətçi deyəndə çox adam başa düşmür. Özünüzü necə təqdim edirsiniz və ya sizi necə təqdim edirlər?
- Adətən mənə özümü təqdim etməyə imkan vermirlər. Təbii ki, getdiyim yerlərdə məni tanıyırlar. Hara gedirəmsə, demək ki, dəvət ediblər. Kimsə tanımadıqda "bədii qiraətçi" deyib özümü təqdim edirəm. Çox vaxt bədii qiraət sözünü bilmirlər deyə, "şeir deyən oğlan" deyirlər. Kiməsə təqdim edəndə də çox zaman “bu, şeir deyən oğlandır” deyə təqdim edirlər. "Qiraətçi" sözü insanlara yapışmır, anlamırlar. Hətta Instagram-da biri mənə yazmışdı ki, “qarətçi olmaqla nə istəyirsən sən, qarətçi olmaq yaxşı haldır?” Sonradan başa salmışam ki, qarətçi yox, qiraətçiyəm.
- Xəzər Süleymanlı yetərincə tanınırmı?
- Qiraət elə bir sahədir ki, burada hər şeir deyəndə kütləviləşmə mümkün deyil. Mənim səsləndirdiyim 100 şeir varsa, onlardan beşi mənə daha çox təkan verib. İnsanlar arasında tanınmağımda birinci "Unutmaq resepti", sonra "Ay balaca xanımım" şeirlərinin rolu daha böyük olub. Sonra heç gözləmədiyim halda "Necəsən zalım" şeiri də çox populyarlaşdı.
Həmişə keyfiyyətli iş görmək istəmişəm. Əminəm ki, indi məni 50 min insan tanıyırsa, vaxt keçəcək, bu saydığım şeirlər uzun illər dinlənəcək, get-gedə öz auditoriyasını toplayacaq, gələcəkdə də qulaq asacaqlar, dinləyəcəklər. Əsas məqsədim budur.
- Bəs özünüz necə, şeir yazırsınızmı?
- Əvvəllər yazmışam. İndi yazmıram. Mən qiraətə başlayanda qarşıma şərt qoydum ki, əgər qiraətim yazdığım şeirləri üstələsə, onunla məşğul olacağam. Elə oldu ki, qiraət daha ağır gəldi və fikirləşdim ki, yazmasam da olar. Onsuz da mən mənəvi tələbatımı ödəyirəm. Yəni şeir səsləndirmək də mənim üçün bir zövqdür.
- Şeiri yazmaq üçün də, səsləndirmək üçün də hiss etmək, həmin anları yaşamaq lazımdır.
- Bir şey deyim: sanki hər səsləndirdiyim şeir mənim özümdür. Nəyə görə? O şeirin mətnini o qədər mənimsəyirəm ki, hətta mövzudan uzaq olsam belə, bu şeyləri yaşamasam belə, həmin şeir bir insan cildinə düşür mənim gözümdə, mənim özümə çevrilir. Mən sanki özüm-özümlə danışıram. Özüm öz içimə səslənirəm, özüm öz içimdəki hisslərimə müraciət edirəm. Ona görə də bəlkə o məndə gerçək alınır, insanlara daha çox təsir edir. Yəni mən şeir dedim, götürüb paylaşımdım... bunu eləmirəm. O şeir mənim özümə çevrilməsə, içimdəki hisslərə çevrilməsə, qətiyyən onu ifa edə bilmərəm. O qədər şeirlər var... Müraciət edirlər ki, filan şeiri səsləndir. İçində mənim öz sevdiyim şeirlər də var. Amma o şeirlər mən ola bilmir. Yəni mənim gözümdə, mənim içimdə səslənə bilmir, hisslərimi ifadə edə bilmir. Ona görə saxlamışam onları. Bəlkə bir yaş keçəcək, nə vaxtsa elə mərhələyə gələcəyəm ki, artıq o şeir mənim canıma hopacaq. Baxacağam ki, hə, mən bunu səsləndirmək iqtidarındayam, ondan sonra səsləndirəcəyəm.
- Sifarişlə şeir səsləndirmisinizmi?
- Sifarişlə çox nadir hallarda olub. Bu özündənrazılıq deyil qətiyyən. Sadəcə olaraq mən hamıya birinci növbədə özümlə nümunə göstərdim. Göstərdim ki, mən özüm də şeirlər yazmışam, amma şeirlərimi səsləndirmirəm. Nəyə görə? Çünki onlar yazı şəklində oxunsa, daha maraqlıdır, səslənmədə bir o qədər effekt vermir. Hər şeir qiraətdə maraqlı alınmır.
-Tanınmaq sizə nə verib?
- Mən özümü tanınmış hesab etmirəm. Ola bilər ki, səsim məşhurdur. Səsin populyarlaşmağı məni sevindirib.
Mənə yazırlar ki, sizin şeirləriniz bizi kədərləndirir. Bəziləri yazır ki, biz şeirləri sizin səsinizlə sevdik. O gün bir xanım yazmışdı ki, sizin səsləndirdiyiniz şeirlər bizə həm şeirləri sevdirdi, həm də sevməyi öyrətdi. Bu çox möhtəşəm bir sözdür! Sevməyi öyrətmək... Təbii ki, insan şeirlərlə sevdiyi insana daha çox bağlanır. Amma bu ifadə möhtəşəmdir. Yəni insanlar həqiqi sevgiyə qayıda bilirlərsə, gerçək sevgini yaşaya bilirlərsə, bu mənim üçün böyük uğurdur.
-İnsanlara sevməyi öyrədən Xəzər sevirmi?
- Mənim sevməyim, əslində, çox qəliz məsələdir. Nəyə görə qəlizdir? Ümumiyyətlə, düşünürəm ki, mən maraqlı insanam. Özüm haqqımda həmişə belə düşünmüşəm. Maraqlı insanlarla ünsiyyətdə olmağı sevirəm. İstəyirəm ki, həyatımda olan şəxsdən nəsə öyrənməyə çalışım. Qadından öyrənmək kişinin formalaşmasında müstəsna haldır. Bunu tam əminliklə deyirəm. Kişi qadınla davranışları öyrənməlidir və onun həyatında elə bir qadın olmalıdır ki, ona o münasibəti öyrətsin. İndi nə qədər öyrədə bilən qadın var ki? Ona görə istərdim, həyatımda elə bir insan olsun ki, ondan həqiqi mənada öyrənim. Mənim bir fikrim var: qadınlar uşaq saxlamağı ilk dəfə sevdikləri kişidən öyrənirlər. Kişilər sevəndə daha çox uşaqlaşırlar. Mən də istərdim ki, münasibət qurduğum insanla uşaqlaşa bilim, o da bu qayğını verə bilsin. Bu da çox vaxt mümkün olmur. Gərək insan ruh əkizini tapa bilsin. Bu günədək sevdiyim olub, sevmişəm. Amma hal-hazırda yoxdur.
- Qiraətlə maddi baxımdan qazanmaq mümkündürmü?
- Mətn səsləndirmələrindən müəyyən məbləğlər qazanmışam. Düzdür, şeir səsləndirməsinə görə heç kimdən heç vaxt pul almamışam, pul təklif edəndə də qəbul etməmişəm. Amma mətn səsləndirmələri, müəyyən işlər olub ki, qonorarım olub. Mən indi hal-hazırda qazanmağa can atmıram. Müəyyən təkliflər olub, müəyyən işlər istəmişəm edim, amma düşünmüşəm ki, hələ tezdir. Mən indi səsim üçün çalışıram, bir müddətdən sonra səsim mənim üçün çalışacaq. Belə deyək: mən hələlik səsimin nazıyla oynayıram ki, daha populyarlaşsın, özümü arxaya vermişəm, onu qabağa, irəli buraxmışam. Bu sahədə mənim üçün ən maraqlı və gəlir gətirə biləcək, müəyyən miqdarda gəlir qazandıra biləcəyim sahə dublyaj sahəsidir. Ona da can atacağam. Bu yaxınlarda başlayacağam öyrənməyə. İstəyirəm sentyabrdan aktyorluq kurslarında dərs alım. Ondan sonra daha peşəkar surətdə məşğul olacağam. Düşünürəm ki, gəlir də yavaş-yavaş formalaşacaq.
- Sizin də işinizə maneələr yaradan olur?
- Maneələr istənilən sahədə var. Məndə hələ aşkar şəkildə maneələr olmayıb. Amma paxıl insanlar hər yerdə var. Mənə kim dəstək olsa, çox sağ olsun. Amma mənə mane olmayın, bu mənə ən böyük dəstəkdir. Mən öz işimi görürəm, öz işimdəyəm. Müəyyən sözlər eşitmişəm. Kimlərsə orda-burda çalışırlar pisləsinlər, gözdən salsınlar. Belə şeylər olur. Amma aşkar şəkildə bunu eləyən hələ olmayıb. Düşünürəm ki, heç bacarmazlar da. Çünki mən öz istedadıma, gördüyüm işə güvənirəm. Burada kim mane ola bilər ki mənə? Hansısa bir layihədən, hansısa bir tədbirdən uzaqlaşdıra bilərlər. Ancaq mənim niyyətim o layihələr, o tədbirlər deyil. Mənim niyyətim daha ali şeylərdir. Mən özüm Xəzər olaraq ən böyük layihə olmaq istəyirəm. Gördüyüm hər işin insanlar üçün böyük bir layihə olmasını istəyirəm. Bu özündənrazılıq deyil, təkəbbür deyil. Sadəcə olaraq, arzum budur. İstəyirəm ki, bütün layihələr mənim ətrafımda formalaşsın. Niyə də yox?
- Xəzərin gələcəyə planı nədir?
- Sayt yaramaq istəyirəm. Orada səsləndirdiyim romanları, hekayələri, şeirləri yığacağam. Qismət olsa, dublyajı mənimsəyib öyrənib dublyaj sahəsində işlər görmək istəyirəm.