"Kreml Ankaraya sövdələşmə təklif edə bilər"

© AFP 2024 / ALEXANDER NEMENOVВид на Кремль в центре Москвы, фото из архива
Вид на Кремль в центре Москвы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq: "Türkiyə Fəratın şərqinin böyük hissəsini nəzarətə götürmək istəyir, amma ABŞ bunun əleyhinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Türkiyə və ABŞ Suriyada təhlükəsiz bölgənin yaradılması ilə bağlı planın ilk mərhələsinə başlayıblar.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Türkiyənin müdafiə naziri Hulusi Akarla ABŞ müdafiə naziri Mark Esperin telefon danışığı olub. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, telefon danışığında Hulusi Akar Suriyada Fəratın şərqində təhlükəsiz bölgə ilə əlaqədar gözlənən görüş və gözləntilərini bildirib. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan qərar verdi, Türkiyədə atom stansiyasının tikintisi sürətlənir
Nazir təhlükəsizlik bölgəsinin müəyyən olunan əsaslar çərçivəsində tez bir zamanda yaradılmasının vacibliyini dilə gətirib. Məlumatda bildirilib ki, Türkiyə ilə ABŞ-ın avqustun 21-dən etibarən təhlükəsiz bölgənin yaradılması ilə bağlı planının ilk mərhələsi başlayıb. Bu barədə Pentaqon da açıqlama yayıb.

Təhlükəsiz bölgənin yaradılması ilə bağlı "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyib ki, hazırda ABŞ ilə Türkiyə arasında koordinasiya məsələsi müzakirə edilir, amma tam qərar hələ yoxdur: "Bir tərəfdən, Türkiyə ilə koordinasiya haqqında danışılır, digər tərəfdən isə amerikalı generallar yenə də PKK-ya bağlı PYD təmsilçiləri ilə görüşlərə davam edirlər. Bu, Türkiyə rəsmilərini çox narahat edir. ABŞ ilə Türkiyə arasında koordinasiyanın necə işləyəcəyi də sual altındadır. Türkiyə daha böyük təhlükəsizlik zonası yaratmaq istəyir, ABŞ isə bunun əleyhinədir. Bu məsələlər hələ açıq qalır. Türkiyə rəsmiləri də qəti fikir demirlər ki, artıq ABŞ ilə razılaşmışıq. Danışıqlar çox çətin gedir".

"Türkiyə Fəratın şərqinin böyük hissəsini nəzarətə götürmək istəyir, amma ABŞ bunun əleyhinədir. ABŞ qorxur ki, bu addım onun dəstək verdiyi PYD-nin mövqelərini zəiflədəcək. ABŞ isə PYD-dən Əsəd rejiminə qarşı istifadə etməyə çalışır və çalışacaq. Burada ziddiyyətli məqam odur ki, Türkiyənin də Əsəd ilə münasibətləri gərgindir. Amma Türkiyə Suriyanın ərazi bütövlüyündə maraqlı olmalıdır ki, PYD və digər terrorçu qruplar üstün mövqeyə malik olmasınlar", - deyə politoloq bildirib.

Astana prosesi ilə bağlı politoloq deyib ki, sentyabrın 16-da Ankarada Rusiya, İran və Türkiyə liderlərinin sammitinin keçirilməsi gözlənilir: "Rusiya, İran və Türkiyə prezidentlərinin üçtərəfli görüşündə Suriya məsələsi, o cümlədən İdlib müzakirə ediləcək. Suriyada hökumət qüvvələrinin İdlibə hücumları Türkiyənin də maraqlarına toxunur. Bu da Astana prosesi üçün ciddi suallar yaradır. Amma inanmıram ki, nə Türkiyə, nə də Rusiya Astana prosesinin dağılmasına rəvac versin, bu məsələdə diqqətli olacaqlar".

"Türkiyə demişdi ki, İdlibdə silahlı müxalifət radikal qrupları sıxışdıracaq, amma bu, baş vermədi. Ona görə bu məsələ də Rusiyanı narahat edir. Digər tərəfdən, Suriyada hökumət qüvvələrinin İdlibə hücumları Türkiyəni narahat edir. Düşünürəm ki, İdlib ilə bağlı bir formul tapılacaq", - deyə o qeyd edib.

Hülusi Akar Türkiyənin B və C planlarından danışdı>>

Ekspertin fikrincə, Ərdoğan İdlibdəki vəziyyətdən narahat olsa da, Türkiyənin yaxın günlərdəki əsas hədəfi Suriyanın terrorçu PYD-nin nəzarətindəki ərazisinə yeni hərbi əməliyyata başlamaqdır: "Yəni Kreml Ankaraya belə bir sövdələşmə təklif edə bilər – Ankaranın Əsədin İdlibi ələ keçirməsinə razılaşması əvəzində Moskva və Dəməşq Türkiyənin də Fəratın şərqində hərbi əməliyyatına müdaxilə etməyəcək.

F-35 qırıcı təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
"F-35"lər əlindən çıxan Türkiyə qərarını verdi
 Buna baxmayaraq, Türkiyənin İdlib ətrafında kiçik hərbi məntəqələri var. Digər tərəfdən, Ankara İdlib ətrafındakı Suriyanın silahlı müxalifətinin məğlub olmasını da istəmir. Yəni Ankara İdlib ətrafındakı hərbi məntəqələrinə və silahlı Suriya müxalifətinə hücumların olmayacağı təminatını almağa çalışacaq".

Türkiyəli politoloq Yusuf Çınar isə Sputnik Azərbaycan-a deyib ki, Türkiyə Yaxın Şərqdə ABŞ-ı nəzərə almadan əməliyyat apara bilməz: "Çünki Türkiyə bölgədəki balansı qorumaq məcburiyyətindədir. Bu məsələlərdə ancaq ABŞ-ı və yaxud ancaq Rusiyanı nəzərə almaq düzgün deyil. Türkiyə burada bitərəf olmamalı, balansı qorumalıdır. Türkiyə ABŞ-ı nəzərə almaya bilməz. Dolayısı ilə Türkiyə bölgədə Rusiya və ABŞ-ı nəzərə alaraq siyasət aparmalıdır. Türkiyə Rusiyanı da itirməmək şərtilə bölgədə sülh və sabitliyi təmin etmək niyyətindədir. Yəni təhlükəsizlik zonası ilə bağlı birgə təşəbbüsün göstərilməsi Türkiyənin ABŞ-a yaxınlaşması mənasına gəlmir. Türkiyə bölgədəki tarazlığı qorumalıdır".

"Türkiyə Suriya böhranının həll olunması istiqamətində Astana prosesi çərçivəsində Rusiya və İran ilə əməkdaşlığı da davam etdirməlidir. Ölkələrin maraqları çərçivəsində bölgədə sabitlik təmin edilməlidir, amma bu, hər zaman müsbət nəticələr doğurmur. Növbəti günlərdə atılan addımların hansının təsirli olub-olmadığını görəcəyik", - deyə türkiyəli politoloq bildirib.

Qeyd edək ki, Türkiyə prezidentinin müşaviri İbrahim Kalın deyib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki türk hərbçilərinə endirilən hava zərbələrini Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək: "Suriyadakı türk hərbçilərinə edilmiş hücumla əlaqədar danışıqları davam etdiririk və bu məsələ ilə bağlı mövqeyimizi Rusiya tərəfinə çatdırmışıq".

Xatırladaq ki, Suriyanın hərbi hava qüvvələri İdlib vilayətində Türkiyənin hərbi konvoyuna zərbə endirib. Hərbi konvoy Xan Şeyxun bölgəsində de-eskalasiya zonasına nəzarət edən məntəqələr arasında hərəkət edərkən hücuma məruz qalıb. Türkiyə Müdafiə Nazirliyi hücum nəticəsində 3 nəfərin öldüyünü, 12 nəfərin isə yaralandığını açıqlayıb. Bir müddət öncə Suriyanın dövlət televiziyası Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, Türkiyəyə məxsus zirehli transportyorlar Xan Şeyxun istiqamətində hərəkət ediblər. Suriya Ərəb Respublikasının ordusu hazırda Xan Şeyxun uğrunda döyüşlər aparır.

Xəbər lenti
0