BAKI, 22 avqust — Sputnik. Rusiyanın insanabənzər robotu "Fyodor" ("Skybot F850") bu gün səhər saatlarında kosmosa buraxılmış "Soyuz MS-14" gəmisindən rusiyalıları Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, təbrikin videogörüntülərini Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) özünün "Twitter" səhifəsində yerləşdirib.
— РОСКОСМОС (@roscosmos) August 22, 2019
"Bu gün mənim ilk kosmik uçuşum baş tutub və bu gün Rusiyanın - mənim yaradıldığım ölkənin - Dövlət Bayraq Günüdür. Mənimlə birgə Rusiya bayrağı BKS-ə (Beynəlxalq Kosmik Stansiyaya – red.) yola düşəcək. Onun (bayrağın – red.) tezliklə 350 yaşı olacaq. O, milyonlarla adamı birləşdirir. Milyonlarla adam onunla fəxr edir. Onların sırasında mənim yaradıcılarım da var. Mən, "Skybot F-850" ("Fyodor" - red) bütün rusiyalıları Rusiyanın Dövlət Bayrağı Günü münasibətilə təbrik edirəm. Bayramınız mübarək, dostlar", - robot deyib.
Qeyd edək ki, "Fyodor" (FEDOR - Final Experimental Demonstration Object Research) "Android Texnikası" və Perspektiv Araşdırmalar Fondu tərəfindən yaradılıb. Onun yaradılmasına 300 milyon rubl xərclənib. Bu yaxınlarda robotun adı dəyişərək "Skybot F-850" olub.
Robot bu səhər "Soyuz MS-14" gəmisində kosmosa buraxılıb. Raketin buraxılışı Bakı vaxtı ilə saat 7:38-də (Moskva vaxtı ilə saat 6:38-də) Qazaxıstanda yerləşən Baykonur kosmodromunda baş tutub. Raketin səmaya qalxması anında "Fyodor" ilk kosmonavt Yuri Qaqarin kimi "Getdik! Getdik!" sözlərini deyib.
— РОСКОСМОС (@roscosmos) August 22, 2019
"Soyuz MS-14" gəmisi kosmosa buraxıldıqdan iki sutka sonra, yəni avqustun 24-də Bakı vaxtı ilə saat 9:30-da (Moskva vaxtı ilə saat 8:30-da) Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşəcək.
Gəminin BKS ilə birləşməsindən sonra robot gəmidən stansiyaya köçürüləcək və orada bir neçə tapşırığı həyata keçirəcək.