Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 22 avqust — Sputnik. Bərdə Peşə Liseyində aparılan söküntü işləri zamanı döyüş sursatı aşkar edilib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, ANAMA-nın, Bərdə Rayon İcra Hakimiyyətinin, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları ezam olunublar.
Ehtimala görə, mərmi əraziyə I Qarabağ müharibəsi illərində rayonlarımızın işğalı nəticəsində əvvəllər burada məskunlaşmış köçkünlərdən biri tərəfindən gətirilib.
ANAMA və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə fəaliyyəti sayəsində mərmi ərazidən uzaqlaşdırılaraq zərərsizləşdirilib.
Onu da qeyd edək ki, Bərdə Peşə Liseyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin layihəsi əsasında yeni binanın tikintisi nəzərdə tutulub. Hazırda binanın söküntü işləri aparılır.