Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 21 avqust — Sputnik. Son zamanlar onun hər bir addımı mətbuatda diqqətlə izlənir. Xüsusən də, onun açıq-saçıq fotoları birmənalı qarşılanmır. Bəziləri bu şəkillərə irad tutaraq, onu bədəni ilə gündəmə gəlməkdə ittiham edir, digərləri isə Azərbaycan cəmiyyəti üçün kifayət qədər cəsur olduğunu bildirirlər.
Bir neçə gün öncə isə onun növbəti fotoları gündəmi yenidən silkələdi. Ümumi marağı nəzərə alaraq, biz də həmin fotonun sahibi olan müğənni Afaq Aslanla müsahibə etmək qərarına gəldik.
Afaq Aslan Memarlıq və İnşaat Universitetini bitirib, ixtisasca ali təhsilli memardır. Musiqi ilə uşaq vaxtlarından məşğul olsa da, professional olaraq 2010-cu ildən bu sahədədir. Eyni zamanda model kimi də fəaliyyət göstərir. 2017-ci ildə "Kainat gözəli" yarışmasının qalibi olub. Hal-hazırda isə İtaliyada keçiriləcək gözəllik yarışmasına hazırlaşır.
- Afaq xanım necə oldu ki, İtaliyadakı yarışmada iştirak etmək qərarına gəldiniz?
- Onlar mənə iki dəfə təklif göndərdilər. Amma mən yox cavabı verdim. Üçüncü dəfə təklif ediləndə dərindən araşdırmaq qərarına gəldim. Bu yarış ildə bir dəfə keçirilir. Dünyanın müxtəlif ölkələrindən bir çox modellər bu yarışda iştirak edir. İndiyə qədər ölkəmizi təmsil edən olmayıb. Azərbaycandan bu yarışda ilk mən iştirak edəcəyəm. Təşkilatçılar mənə bildirdilər ki, Azərbaycandan bu yarışda iştirakçı olmasını çox istəyiblər. Amma meyarlarına uyğun xanım tapmayıblar. Mənim tam olaraq onların parametrlərinə uyğun gəldiyimi dedilər. Məlumat üçün bildirim ki, bu yarışma Neapol şəhərində baş tutacaq. 3 gün müddətində davam edəcək yarışma "Fashion TV" və "FoxTV"-də canlı yayımlanacaq.
- Hansısa səfərə hazırlaşırsınız deyəsən?
- Moskvaya gedəcəyəm. Orada dərc olunan jurnalın üz qabığı üçün fotolarım çəkiləcək.
- Belə təkliflər çox olur?
- Sapı özümüzdən olan baltalar çoxdur. Özümüzü tənqid edirik, amma kənardakılar üçün biz daha çox maraqlıyıq. Xaricdən gələn təklifləri daha çox dəyərləndirirəm. Çünki onların diqqətini daha çox cəlb edirəm.
- Səbəb nədir?
- Ola bilər ki, fakturam onlara daha cəzbedici görünür. Dəfələrlə mənə sual verilər ki, siz azərbaycanlısınız? Hətta mən Ukraynada qalib olanda mənə dedilər ki, sənin qarışığın var. Onların diqqətinə çatdırdım ki, Azərbaycan qızları çox gözəldirlər. Bizim xanımların problemi məncə kompleksli olmağındadır. Özgüvənləri zəifdir. İçlərindəki gücü ortaya qoya bilmirlər. Mən demirəm ki, dünya gözəliyəm. İnsan gərək qarşısına məqsəd qoysun və iddialı olsun. Düzdür, tənqidlər olur, təhqir də yazırlar. Mənim onun hamısını oxumağa vaxtım yoxdur. Amma belə baxanda bütün məşhurlar bu halla rastlaşır. Fərqi yoxdur, istər müğənni olsun, model və ya siyasətçi. Elə insanlar var ki, istəyirsən geyin, istəyirsən soyun, gözəlliyin içində bir çirkinlik tapacaqlar. Uinston Çörçillin belə bir fikri var: "Hər hürən itə baş qoşsan, gedəcəyin yerə çata bilməzsən". O insanların fikri mənim üçün önəmli deyil.
- Gözəl olduğunuz qədər də cəsarətlisiniz. Son paylaşımınız deyəsən pik nöqtə idi.
- Mən tək fotolarımda yox, fikir və açıqlamalarımda da beləyəm. Kimliyindən asılı olmayaraq sözü üzə deməyi bacarıram. Bu keyfiyyət çox adamda yoxdur. Xüsusən da şou-biznesdə. Ona görə də mənim bu sahədə dostum yoxdur. O qədər ikiüzlülük var ki... Şou-biznesdə hətta 40 üzlü insana da rast gəlmək olar.
Mənim dostluq etdiyim insanlar ziyalı təbəqədəndir. Onların içində iqtisadçı da var, siyasətçi də. Öz tay-tuşlarımla heç vaxt yola getməmişəm. Həmişə 10-15 yaş böyüklərlə oturub-durmuşam. Onlardan nəsə öyrənməyə çalışmışam. Şou-biznesdə savadsızlıq baş alıb gedir. Onların mövzuları maşın, bahalı geyimdir. "Gucci"ni tərsinə geyinirlər, brenddən danışırlar. Mənə görə şou-biznesin içindəkilər mənim üçün ucuz təbəqədir.
- Şou-biznesin içindəsiniz amma onu bəyənmirsiniz...
- Mən deməzdim içindəyəm. Hamısından kənardayam. Öz balaca dünyam var. Amma hamısı məni izləyir və məni tənqid edir.
- Bu yaxınlarda Siyavuş Novruzovla fotonuz müzakirələrə səbəb oldu.
- Siyavuş müəllimi neçə illərdir tanıyıram. Çox gözəl insandır. Tədbirlərdə tez-tez rastlaşırıq. Bu məsələni niyə bu qədər şişirtdilər, anlamadım. Həmin tədbirdə 20-ə yaxın müğənni var idi. Hamısı ilə də şəkil çəkdirdi. Mənimlə fotonu elə şişirtdilər ki, elə bil Rihannayam.
- Siz həm də idmanla məşğulsunuz?
- Səhhətimdə problem yaratdığı üçün son iki ildir məşğul olmuram. İdeallığı sevən insan olduğum üçün hər xırda nüansa fikir verirəm. İdmanı atandan sonra əzələlərim itmişdi. Bədənim boşalmışdı. Bu səbəbdən əməliyyat elətdirdim. Bundan sonra idman etdim, etmədim fərq etməz, idmançı bədən quruluşuna malik olaraq qalacam.
- İndiyə qədər neçə dəfə əməliyyat olunmusunuz?
- İki dəfə. Hər ikisi də Azərbaycanda olub.
- Müsahibələrinizdə hər dəfə bir fikir söyləmisiniz. 2014-cü ildə demisiniz ki, sevgilim var, 2016-cı ildə yeni sevgiliniz olduğunu bildirmisiniz. Daha sonra evlənəcəyinizi söyləmisiniz. Hətta bir müsahibənizdə sevgililərinizin sayını itirdiyinizi demisiniz. Hansına inanaq?
- Mən müsahibə verəndə zarafatla nəsə deyirəm. Reytinq xətrinə dediklərimi ciddi olaraq yazıblar. Namizəd çoxdur, sevənlərim də çoxdur. Hal-hazırda ürəyim boşdur. İçdən sevməsəm, münasibət qura bilmərəm. Ona görə də qarşı tərəfdən çox mənim fikrim önəmlidir.
- Aslan kimi soyadınız var. Bu canlı ilə hansısa xüsusiyyətləriniz uyğundurmu, onun kimi sizi emosional və temperamentli hesab etmək olar?
- Aslan meşənin şahı sayılır. Hökmranlığı sevən insanam. Mənim ətrafımda kim varsa, onları qoruyuram. Onlara kimsə nəsə söz deyirsə elə bilirəm mənə deyir. Aslan kimi hər kəsi qorumağı bacaran insanam.
- Sizi hər dəfə fərqli təqdim edirlər. Gah müğənni, gah da model.
- Çox vaxt məni Azərbaycan şou-biznesinin seks simvolu kimi təqdim edirlər. Yəqin ki, Aygün Kazımovadan sonra şou-biznesdə ilk inqilab edən mənəm.
- Bu cür təqdimat ürəyinizcədir?
- Çox qadınların arzusudur ki, onu bu cür təqdim etsinlər. Seks simvol sözünü haqq etməyin özü də bir cəsarətdir. Müğənnilik mənim hobbimdir, sevdiyim məşğuliyyətdir. Model olaraq özümü daha çox təsdiq etmişəm. Bəziləri var milyonlar tökür, klip çəkdirir amma mənim qədər populyar ola bilmir.
- Bir çox kişilərin arzuladığı xanımsınız. Bəs sizin arzuladığınız kimsə varmı?
- Bir kişi məni öz ağlı, zəkası və mədəniyyəti ilə aşiq edə bilər.
- Xarici görünüş sizin üçün önəmli deyil ki?
- Təbii ki. Ən önəmlisi mənim üçün boy-buxundur. Özüm hündür olduğuma görə yanımda olan da ucaboy olmalıdır. Arzuladığım kişi Cenifer Lopezin indiki əridir. Aleks Rodrigez kimi uca boylu həyat yoldaşı arzulayıram.
- Afaq xanım filmlərə dəvət almırsınız?
- Qane eləyən qonorar təklif etmirlər. Çox az pul verirlər. Bu yaxınlarda “Son ümid” serialında killer rolunda oynamışam. Serialın ortasında çıxdım. Xarici səfərlərim çox olurdu deyə çatdıra bilmirdim.