BAKI, 21 avqust — Sputnik. Rusiya və Çin ABŞ-ın orta mənzilli raketlər yaratmaq və yerləşdirmək planlarına görə BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq qərarına gəlib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Rusiyanın BMT-də daimi nümayəndəsinin vəzifələrini icra edən Dmitri Polyanski deyib.
Polyanski iclasın çərşənbə axşamı baş tutacağını bildirib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın səsdən sürətli uça bilən raketi layihələndirdiyinə dair məlumat yayılıb. Məlumata görə, raketin ballistik döyüş başlığı özünün təsir radiusuna görə avqustun 2-də qüvvədən düşmüş "Orta və Qısa Mənzilli Raketlərin Ləğvinə Dair Saziş"ə əsasən qadağa altına düşməli idi.
Bundan başqa, bazar ertəsi Pentaqon yeni qanadlı raketini sınaqdan keçirdiyini bəyan edib. Bu raket də sözügedən müqavilə çərçivəsində qadağa altına düşən silahların siyahısında idi.
Avqustun 2-dən başlayaraq orta və qısa mənzilli raketlərin ləğvinə dair saziş qüvvəsini itirib.
Saziş SSRİ və ABŞ tərəfindən 1987-ci ildə imzalanıb. Sənədə əsasən, hər iki tərəf quruda yerləşdirilmiş bütün orta və qısa mənzilli ballistik və qanadlı raket komplekslərini məhv etməli idilər.
2018-ci ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun sazişdən çıxacağını elan edib. O, buna səbəb kimi Moskvanın saziş çərçivəsində öhdəliklərini "yerinə yetirməməsini" göstərib. Lakin Amerika tərəfi bu iddia ilə bağlı heç bir dəlil gətirməyib. ABŞ-ın hərəkətlərinə cavab olaraq, 2019-cu ildə Rusiya da sözügedən sazişdə iştirakını dayandıracağını bəyan edib.