BAKI, 20 avqust — Sputnik. Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin qəzaya uğradığı ilk gündən pilotun nəşi və təyyarənin qalıqlarının axtarışlarında fəal iştirak edən aidiyyəti qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, axtarış əməliyyatlarına Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri ilə birgə Türkiyə Respublikası Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları və katerləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin “Vaqif Cəfərov” kran, “Nefteqaz-58” təchizat-yedək, “Məmməd Süleymanov” elmi-tədqiqat gəmilərinin heyətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dalğıcları cəlb olunmuşdular.
Avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.