BAKI, 20 avqust — Sputnik. Azərbaycan Respublikasının Gənclər Fondu "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi" istiqaməti üzrə 23 may – 23 iyun 2019-cu il tarixlərində müsabiqə elan edib.
Fonddan Sputnik Azərbaycan-a verilən məlumata görə, müəyyən edilmiş qaydalara uyğun olaraq müraciət edən, qəbul olduğu ali təhsil müəssisəsi Fondun təqdim etdiyi universitet siyahısında və ixtisası prioritet ixtisaslar siyahısında yer alan şəxslər 15-31 iyul 2019-cu il tarixlərində həyata keçirilən müsahibələrə dəvət ediliblər.
Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilib. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi" istiqaməti üzrə bu siyahıda qeyd edilən şəxslərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib.
Qeyd: Gənclərin təhsili Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi istiqaməti üzrə 23 may 2019-cu il tarixli elan etdiyi Müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən maliyyələşdiriləcək.