“Azərbaycan post-sovet məkanına daxil olan ölkələr arasında uşaqların məktəbəqədər hazırlıq səviyyəsinə, əhatə dairəsinə görə geridə qalır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
Ekspert bildirib ki, məktəbəqədər hazırlığın keçirilməsi bu boşluğun doldurulmasına xidmət edir və bu layihə çox vacibdir: “Ancaq indiki zamanda uşaq bağçalarında verilən tərbiyə və elementar təhsilin effekti daha genişdir. Məktəbəqədər hazırlıq bunu qismən əvəz edə bilir. Düşünürəm ki, məktəbəqədər təhsilin genişləndirilməsi üçün uşaq bağçalarının sayı artırılmalıdır. Ölkəmizin bəzi bölgələrində uşaq bağçalarının qıtlığı yaşanır. Bu da bir mənalı olaraq, orta təhsilə mənfi təsir göstərən faktordur”.
Qeyd edək ki, Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb. Əmrə əsasən, məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu avqustun 26-dan başlanacaq. Bu proses sentyabrın 25-dək davam edəcək.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz