BAKI, 17 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddəsi aşkarlanaraq götürülüb.
DİN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin vaxt evdə X.Məmmədov ilə birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılıblar. E.Haqnəzərovdan "Motorolla" markalı radioötürücü, onun "Mitsubishi Pajero" markalı avtomobilinə baxış zamanı isə bir bıçaq, bir beşbarmaq və iki radioqəbuledici aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.