Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 17 avqust — Sputnik. Ötən ay nikaha daxil olmaq istəyən 14 min 303 nəfər tibbi müayinədən keçib.
Bu barədə Sputnik Azərbaycan-a B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib.
İnstitut direktoru bildirib ki, nikahdan öncə tibbi müayinələrin məqsədi xəstəlikləri cütlüklərdə əvvəlcədən aşkarlamaqla uşaqların təhlükəli xəstəliklərlə doğulmasının qarşısını almaqdır. Onun sözlərinə görə, hazırda ölkədə bir milyondan çox talassemiya daşıyıcısı var. Z. Əlimirzəyevanın sözlərinə görə, hər ikisi talassemiya daşıyıcısı olan şəxslər evlənərsə, onların övladlarının xəstə doğulması riski yaranır.
Xatırladaq ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.