İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 16 avqust — Sputnik. Gəncə şəhərinin "Yeni Səbiskar" qəbiristanlığındakı "Fəxri Xiyaban"da maraqlı bir xatirə kompleksi var. Aypara formasında düzülmüş məzarların üzünü oxuduqda burada 1937-1939-cu illər aralığında həlak olan latın və slavyan mənşəli şəxslərin dəfn olunduğu aydın olur. Kompleksin baş tərəfində "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri" sözləri yazılan lövhə yerləşir. Bəs bu təyyarəçilər kimlər olub və onları Gəncə şəhəri ilə nə bağlayır? Mövzunu Sputnik Azərbaycan-ın bölgə müxbiri araşdırıb.
1936-cı ildə İspaniyada solçu respublikaçılar və millətçi mühafizəkarlar arasında vətəndaş müharibəsi başlayıb. Müharibənin gedişində Almaniya, Portuqaliya və İtaliya ispan millətçilərini, SSRİ və Meksika isə respublikaçıları dəstəkləyib. Tarixi mənbələrdən aydın olur ki, sovet hökuməti o vaxt İspaniyadakı tərəfdarlarına "X Əməliyyatı" adı altında xeyli silah-sursat, təyyarə və hərbi mütəxəssislər yollayıb.
1937-ci ildən isə İspaniya Respublikasından olan kursantların SSRİ-dəki aviasiya məktəblərində təlim keçmələri barədə razılığa gəlinir və Gəncə şəhərində yalnız ispan kursantların yetişdirilməsi üçün 20 saylı Hərbi Pilot Məktəbi açılır.
Gəncə şəhərində yaşayan tarixçi Yahya Süleymanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, birinci dəfə 193 ispan kursantın təlimlərə cəlb olunduğu məlumdur.
"Məktəbdə dərslər 6 aylıq olub. İki il ərzində 5 dəfə məzun buraxılıb. Sonuncu 185 nəfərlik qrupun təlimləri 1939-cu ilin mayında yekunlaşıb. Lakin bundan 1 ay qabaq İspaniyada general Frankonun rəhbərliyi ilə millətçilərdən ibarət diktatura rejimi qurulduğuna görə, pilotlar öz ölkələrinə geri dönə bilməyiblər. Həmin pilotlardan 84 nəfəri Meksikaya gedib, qalanları isə SSRİ-də qalıb" - deyə tarixçi bildirib.
Y.Süleymanov ispan kursantardan 44-nün İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında xidmət keçdiklərini, əsasən Bakı şəhərinin hava hücumundan müdafiəsində iştirak etdiklərini söyləyib.
"Azərbaycanda olan ispanlardan cəmi 25 nəfəri həyatını itirib. Onlardan bəziləri Bakıda, digərləri isə Gəncə şəhərində torpağa tapşırılıb" - Süleymanov deyib.
Tarixçi Gəncədə dəfn edilən ispan pilotların həlak olmasını ağır sınaqlar və təlimlərlə əlaqələndirib.
"Altı ay hərbi təyyarəni öyrənmək üçün çox az bir müddətdir. Onların bu müddətə təyyarəçi kimi hazırlanması üçün təlimçilər gərgin iş rejmində işləyirdilər. Tez-tez təcrübəsiz kursantlar qəzalar törədirdi ki, bu da özləri ilə yanaşı təlimçilərin də həyatları bahasına başa gəlirdi. Buna görə 2 illik təlimlər müddətində 9 ispan kursant və 10 nəfər SSRİ-dən olan təlimçi həyatını itirib" - deyən tarixçi onların "Yeni Səbiskar" qəbiristanlığında torpağa tapşırıldığını və üzərlərində xatirə kompleksi yaradıldığını bildirib.
Sonralar SSRİ-də, o cümlədən Azərbaycanda ispanların xatirəsinə muzeylər açılıb. Belə muzeylərdən biri də Gəncə şəhəri 30 saylı məktəbdə yaradılan xatirə muzeyidir. Burada müxtəlif eksponatlar, fotosənədlər, kursantların və təlimatçıların xatirələri, onların təlimlərdə istifadə etdiyi hərbi geyim və təyyarə modelləri, qəzet yazıları, sənədlərin surətləri və kitablar toplanılıb.