Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 16 avqust — Sputnik. Paytaxtda iki uşaq oğurlanıb. 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Hadisə baş verən vaxt uşaqların anası işdə olub. Sputnik Azərbaycan-a bu barədə məlumatı "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova verib. O, bildirib ki, uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.
Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsindən bildirilib ki, hadisə dünən axşam saatlarında baş verib: "Uşaqların anası işlədiyi üçün onlar evdə nəzarətsiz qalırmışlar. Ailənin durumu elədir ki, ana işləmək məcburiyyətindədir. Valideynlər boşandığından uşaqlar anası ilə qalıb. Uşaqların atası Moskvada yaşayır. Axşam saat 18:00 radələrində evə gələn ana uşaqların evdə olmadığını görərək bu barədə ərazi üzrə polis bölməsinə müraciət edib. Hazırda uşaqların tapılması istiqamətində iş aparılır. Uşaqlarla bağlı hansısa məlumatı olanlar 055-904-99-99 nömrəsi ilə əlaqə saxlaya bilərlər".
Sputnik Azərbaycan-ın əməkdaşı oğurlanan uşaqların anası Çiçək Aslanova ilə əlaqə saxlayıb. Ç. Aslanova Sputnik Azərbaycan-ın əməkdaşına bildirib ki, işlədiyi kafeyə uşaqla bir qadın gəlib. Qadın özünün də, uşağının da ac olduğunu bildirib: "Mən də onlara yemək verdim. Dedilər ki, Bərdədən gəlmişik, qalmağa yerimiz yoxdur. Axşam evə apardım, qurban ətindən hazırladığım yeməkdən verdim yedilər. Səhər mən işə getməli idim. Qadının uşağı yatdığından, qıymadım onu oyatmağa. Dedim, uşaq durandan sonra yeyib-içib gedərsiniz. Özüm işə yollandım. Amma işdə də narahat idim. Rəfiqəmə dedim gedib evdə uşaqlara baş çəksin. Zəng elədi ki, nə qadın var, nədəki, mənim uşaqlarım. Başıalovlu gəldim evə, gördüm ki, həmin qadın uşaqlarımı oğurayıb". Ç. Aslanova bildirib ki, gecəni onun evində keçirən qadın təxminən 27 yaşında olub.