BAKI, 14 avqust — Sputnik. "Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-nə planlaşdırılan tarif artımlarını təxirə salması qlobal birjalara təsirsiz ötüşmədi. Neft daxil olmaqla strateji məhsulların qiymətlərində artımlar müşahidə edildi.
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-alim Vüqar Bayramov deyib. Asiya birjalarında canlanmanın müşahidə olunduğunu deyən iqtisadçı qeyd edib ki, hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər: "Bu isə o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq hələ də strateji məhsulların qiyməti təzyiq altındadır. Bu baxımdan da, neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq".