BAKI, 14 avqust — Sputnik. İran Atom Energetika Qurumunun sözçüsü Behruz Kemalvendi bəyan edib ki, ölkəsinin 4,5% zənginləşdirilmiş uran ehtiyatı 370 kiloqrama çatıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.
Kemalvendi vurğulayıb ki, 370 kiloqram zənginləşdirilmiş uran miqdarı üçün son hədd deyil və bu göstərici sürətlə artacaq.
İranlı rəsmi ağır su ehtiyatlarının da 130 tondan yuxarı çıxarılacağını və bu məsələdə hər hansı bir məhdudiyyətin olmadığını xüsusilə qeyd edib.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında 2015-ci ildə bağlanan nüvə razılaşmasına görə, rəsmi Tehran uranı 3,67% səviyyəsinə qədər yüksəldə bilər. Razılaşmaya əsasən, İran ən çox 300 kiloqram uran əldə edə bilər.
Razılaşma İrana 300 kiloqramdan yuxarı zənginləşdirilmiş uranı beynəlxalq bazarda sataraq əvəzində təbii uran almaq imkanı verir.
Ayrıca anlaşmaya görə, İranın ağır su ehtiyatı 130 tondan aşağı olmalıdır və bu göstəricini aşacağı təqdirdə bu suyu ölkədən mütləq şəkildə çıxarmalıdır.