BAKI, 14 avqust — Sputnik. Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə azlıq təşkil edib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi.
Bundan başqa, məlumatda həmçinin qeyd olunub ki, bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə, 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişi üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.