BAKI, 14 avqust — Sputnik. Qurban bayramı günlərində - avqust ayının 8-dən 13-ü günün sonuna qədər respublikanın 56 avtovağzal və avtostansiya kompleksindən ümumilikdə 96747 nəfər sərnişin daşınıb.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib. N.Allahyarova bildirib ki, sərnişinlərdən 18365 nəfəri dünən regionlardan paytaxta qayıdanlar olub: "Ümumilikdə, bayram günləri ərzində hər gün 450-ə qədər reys xətdə olub. Həmin reyslərin 250-si müntəzəm, 200-ə yaxın reys qeyri-müntəzəm marşrut xətlərində olub, 40-a yaxın reys isə beynəlxalq daşımalara cəlb edilib".
N.Allahyarova qeyd edib ki, ötən illə müqayisədə Qurban bayramı günlərində bu il Azərbaycandan Moskvaya, Batumiyə və İstanbula gedən sərnişinlərin sayında sıxlıq müşahidə olunub.