Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 11 avqust — Sputnik. 2017-ci ildə kənd yerlərində hər 5-ci uşaq, şəhər yerlərində isə hər 8-ci uşaq rəsmi nikah olmadan doğulub. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda məlumat Bakı Araşdırmalar İnstitutunun (BAİ) 2008-2017-ci illərdə ölkənin şəhər və kənd yerlərində rəsmi nikahsız doğulan uşaqların payının dəyişməsi ilə bağlı yayımladığı infoqrafikada yer alıb.
2008-2017-ci illərdə kənd yerlərində rəsmi nikah olmadan doğulan uşaqların payı 11,7%-dən 19,6%-ə artıb, şəhər yerlərində isə 12,5%-dən 11,8%-ə azalıb. Belə ki, son 10 illik göstəricilərə əsasən, şəhər yerlərində rəsmi nikah olmadan doğulan uşaqların sayı 11,7% azaldığı halda, kənd yerlərində bu rəqəm 59,5% yüksəlib.
Ümumiyyətlə, nikahdankənar doğulan uşaqlarla bağlı rəqəmlər hər zaman narahatlıq doğurub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova da bu istiqamətdə qeydə alınan rəqəmlərin narahatlıq doğurduğunu vurğulayıb. Sputnik Azərbaycan-a danışan A.Veysəlova təxminən son 20 ilin statistik rəqəmlərindəki dinamikadan söz açıb:
"Dövlət Statistika Komitəsinin məlumatlarına nəzər yetirsək, görərik ki, 2000-ci ildən 2006-cı ilədək rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2006-2009-cu illərdə bu rəqəmlərdə azalmalar qeydə alınsa da, 2010-cu ildən etibarən rəqəmlərdə yenidən artım qeydə alınıb. Nikahdankənar uşaqların ən çox qeydə alındığı il isə 2011-ci il olub. Rəsmi statistikaya görə, 2011-ci ildə qeyri-rəsmi nikahdan 30 min 983 körpə dünyaya gəlib. 2011-ci ildən sonrakı illərdə isə biz bu rəqəmlərdə azalma dinamikasını müşahidə edirik. 2017-ci illə müqayisədə ötənilki rəqəmlərdə azalma olub. Belə ki, 2018-ci ildə belə münasibətlərdən doğulan uşaqların sayı 20 min 716 olub. Bu isə aparılan maarifləndirmə işlərinin təsirini bir daha özündə göstərir".
Əcnəbilərlə evlənmək istəyən qadınlara ciddi xəbərdarlıq: Sonrakı peşmançılıq fayda vermir>>
"Lakin burada bir neçə amili də diqqətdən qaçırmaq olmaz. Ədliyyə qurumları tərəfindən hər iki valideynin ərizəsi və tək valideynin ərizəsi ilə qeydiyyata alınan uşaqlar var. Belə ki, rəsmi məlumatlara görə, 2017-ci ildə Ədliyyə Nazirliyində hər iki valideynin ərizəsi ilə qeydə alınan yeni doğulmuşların sayı 16 min 471, tək ananın ərizəsi ilə qeydə alınmış uşaqların sayı isə 6 min 325-dir. 16 min 471 uşaq ailə daxilində xoş, səmimi münasibətlərin olduğu bir mühitdə doğulub, sadəcə olaraq cütlüklərin rəsmi nikahı yoxdur", - deyə A.Veysəlova əlavə edib.
Bu cür halların qarşısının alınması üçün komitə tərəfindən davamlı olaraq maarifləndirmə işləri aparılır. Maariflənmə işləri isə öncəki illərlə müqayisədə rəqəmlərin sayının azalmasında da özünü göstərir.
Nikahdankənar münasibətdən doğulan və yalnız bir valideynin ərizəsi ilə qeydə alınan körpələrlə bağlı rəqəmlər daha da düşündürücüdür:
"6 min 325 uşağın hansı səbəbdən yalnız tək ananın ərizəsi ilə qeydiyyata alınması maraqlıdır. Ola bilər ki, övladı doğulan şəxs duldur, yaxud da həyat yoldaşından boşanıb. Bundan başqa, burada həmçinin qısa müddətdə birgə münasibətdən dünyaya gələn uşaqlardan söhbət gedir. Belə olan halda, olur ki, kişi atalıqdan imtina edir".
A.Veysəlova belə analar tərəfindən körpələrin atılma halları haqda da danışıb: "Belə valideynlər tək olduğu üçün uşağı böyütməkdə, tərbiyə etməkdə çətinliklə qarşılaşırlar. O səbəbdən də həmin analar uşaqları internat müəssisələrinə yerləşdirirlər ki, övladlarının həmin dövlət müəssisəsi tərəfindən davamlı olaraq təhsili, gündəlik ehtiyacları qarşılansın. Amma bu o demək deyil ki, həmin valideyn övladından imtina edir. Çünki həmin valideynlər övladları ilə vaxt keçirir, həftə sonları onları evə aparırlar".
Sonda isə bir daha rəqəmlərə nəzər yetirək.
2000-ci ildə ümumilikdə 116 min 994 körpə dünyaya gəlib ki, onların 110 min 712-si nikahda, 6 min 282-si isə nikahdankənar münasibətlərdən doğulub. Bu uşaqların da 2 min 179-u hər iki valideynin, 4 min 103-ü isə tək valideynin ərizəsi ilə qeydiyyata alınıb.
2005-ci ildə 141 min 501 körpədən 115 min 851-i rəsmi nikahdan, 26 min 50-si isə nikahdankənar münasibətdən dünyaya gəlib. Bu uşaqların 21 min 231-i hər iki valideynin, 4 min 819-u isə tək valideynin ərizəsi ilə qeydə alınıb.
2010-cu ildə doğulan 165 min 643 körpədən 140 min 258-i rəsmi nikahdan, 25 min 385-i nikahdankənar münasibətdən dünyaya gəlib. Bu uşaqların 18 min 40-ı hər iki valideynin ərizəsi, 7 min 345-i isə tək valideynin ərizəsi ilə qeydiyyata alınıb.
2015-ci ildə doğulan 166 min 210 körpədən 142 min 72-si rəsmi nikahdan, 24 min 38-i nikahdankənar münasibətdən doğulub. Onların 17 min 303-ü hər iki valideynin, 6 min 735-i isə tək valideynin ərizəsi ilə qeydiyyata alınıb.
2017-ci ildə nikahdankənar 22 min 796 belə uşaq doğulub. Ötən ilin məlumatlarına görə isə, belə uşaqların sayı 20 min 716 olub.
Təəssüf ki, belə uşaqlar digərləri ilə münasibətdə daha çox çətinliklərlə üzləşirlər, hüquqları pozulur, tapdalanır, alçaldılır və cəmiyyətdə müəyyən qınaq obyektinə çevrilirlər.