Bu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4,954 milyard manat vəsait daxil olub ki, bunun da 3,663 milyard manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1,321 milyard manatı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır. Vergilər Nazirliyinin məlumatına görə, vergi daxilolmalarında neft-qaz sektoru üzrə azalmanı qeyri-neft-qaz sektoru tam kompensasiya etməkdədir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ixrac rüsumlarının qaldırılması daxili bazarın yerli məhsulla təminatının yaxşılaşdırılması üçün atılmış mühüm addımdır:
“Nəzərə almaq lazımdır ki, ölkədə devalvasiyadan sonra ixrac əməliyyatları sahibkarlar üçün daha əlverişli olmağa başladı. Bunun nəticəsi olaraq qeyri-neft sektorunda ixracın göstəricilərinin yüksəlməyə başladığını gördük. Ölkədə həyata keçirilən iqtisadi islahatlarda daxili bazarın yerli məhsulla tam təminatı, ölkədən valyuta axınının qarşısının alınması və makroiqtisadi göstəricilərin stabilliyi hədəf kimi qoyulub. Hesab edirəm ki, ixrac rüsumlarının artırılması xüsusən xammal ixracına aid olmalıdır. Amma daha yüksək emal dərinliyinə malik mallara rüsumların tətbiqi iqtisadiyyatın şaxələndirilməsi üçün yüksək texnoloji sahələrin inkişafı nöqteyi-nəzərindən arzuolunan deyil”.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz