BAKI, 10 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp Hollivudu "irqçi" adlandırıb.
Sputnik Azərbaycan "The Guardian" nəşrinə istinadən xəbər verir ki, jurnalistlərlə danışarkən ABŞ lideri Hollivudu tənqid etməyə başlayıb.
"Siz irqçilərdən danışırsız, Hollivud irqçidir. Onların istehsal etdikləri filmlər əslində ölkəmiz üçün çox təhlükəlidir. Hollivudun etdikləri ölkəmiz üçün böyük zərərdir", - Tramp deyib.
Tramp heç bir filmin adını çəkməsə də, onun bu sözləri "Universal" studiyasının "Ov" (The Hunt) satirik trillerinin təqdimatı ilə eyni vaxta təsadüf edib. Qeyd edək ki, "Ov" filmi bu həftə mübahisələrə səbəb olub. Belə ki, Hillari Suonkun əsas rolda çəkildiyi filmdə cəmiyyətin elit təbəqəsinə əyləncə məqsədilə "səfilləri" ovlamaq icazəsi verildiyi göstərilir. Lakin Kaliforniya, Texas və Ohayoda baş vermiş qanlı atışmalardan sonra "Universal" studiyası filmin reklam kampaniyasını müvəqqəti olaraq dayandırmağa qərar verib.