BAKI, 10 avqust — Sputnik. "Avqust ayı bizim tariximizdə qələbələr ayı olaraq yadda qalıb. İnşallah bu avqust ayı da tariximizin zəfər həlqələrinə daha bir zəfər həlqəsi əlavə edəcəyik". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ölkəmizi terror qruplaşmalarının hücumlarından iqtisadi tələlərə qədər xain planlarla dayandırmağa çalışanları xəyal qırıqlığına uğradacağıq", - deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, avqustun 6-ı Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə çox yaxın vaxtı Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq.
"Türkiyə çox yaxın vaxtı Suriyanın şimalında hərbi əməliyyatlara başlayacaq. Bu gün Türkiyə Suriyanın şimalında əməliyyatlara başlamasa, o zaman gələcəkdə daha ağır bədəl ödəyəcək. Suriyanın şimalında terror bataqlığını qurutmaq ölkəmizin ən önəmli məsələlərindən biridir. "Fərat Qalxanı" və "Zeytun Budağı" ilə başlatdığımız sülh prosesi inşallah çox yaxında fərqli bir səviyyəyə keçəcək. Türkiyənin təhlükəsizliyi NATO-nun və bütün bölgəmizin təhlükəsizliyi deməkdir", - deyə Ərdoğan qeyd edib.